Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ikicildliyinin təqdimatı

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, xüsusiyyətləri araşdırılıb

Dekabrın 27-də Milli Kitabxanada AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə nəşr etdiyi Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ikicildliyinin təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları salamlayıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Vaqif Əliyev müstəqillik dövründə Azərbaycan ədəbi mühitində baş verən proseslər və təqdim edilən nəşrin əhəmiyyətindən söz açaraq müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan danışıb.

Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu ikicildlik haqqında məruzə edib. Bildirib ki, kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, ümumi xüsusiyyətləri, inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşr 15 fəsil, onlarla icmalportret oçerkdən ibarətdir.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirdə Milli Kitabxana və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi kitabxananın direktoru Kərim Tahirovinstitutun direktoru akademik İsa Həbibbəyli imzalayıb.

Tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanan Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı adlı kitab sərgisi ilə də tanış olublar.

Lalə

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.5.