Görkəmli bəstəkarın 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

 

 

Dekabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zakir Bağırovun 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

İştirakçılar ilk olaraq bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Daha sonra sənətkarın ömür yolundan bəhs edən video-çarx nümayiş olundu.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq sənətkarın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Əməkdar incəsənət xadimi Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. Zəngin yaradıcılığı dövründə bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində də mühüm xidmətlər göstərib. O, 1935-ci ildə ilk dəfə görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında Rast, DügahSegah muğamlarını nota yazıb və çap etdirib. Bəstəkarın 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı Aygün operası musiqi mədəniyyətimizin gözəl nümunələrindəndir. Görkəmli sənətkar bir sıra teatr tamaşalarına və filmlərə musiqi yazıb. Aygün, Bərəkətli torpaq, Təbiətin dostları, Bizim Azərbaycan və başqa bədii və sənədli filmlərin musiqisi ona məxsusdur.

O da vurğulandı ki, bəstəkarın yaradıcılıq irsinə Qoca Xattabıç operası, Qayınana, Kəndimizin səsi operettaları, uşaq baleti, fortepiano ilə simfonik orkestr, tar ilə simfonik orkestr, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, filmtamaşalara yazılmış musiqilər daxildir.

Tədbir konsert proqramı ilə davam etdi. Bəstəkarın oğlu Elşad Bağırovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Murad Adıgözəlzadə pianoda maraqlı musiqi əsərləri səsləndirdi.

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.6.