İblis Türkiyə teatrsevərlərinin görüşünə gəlir

 

 

Azərbaycanın böyük şairidramaturqu Hüseyn Cavidin İblis əsəri İstanbulda tamaşaya qoyulur. İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında (BBŞT) tamaşanın məşqlərinə başlanılıb.

Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Əsərin mətnini müasir türk dilinə BBŞT-nin teatrşünası Dilət Tekintaş uyğunlaşdırıb.

Türkiyənin tanınmış aktyorları Ertoğrul Postoğlu (İblis), Emre Narcı (Arif), Erhan Özçelik (İhtiyar Şeyh), Gürol Güngöz (İbn Yemin), Murat Coşkuner (Vasif), Cengiz Tangör (İlhan), Niyal Bağ (Haver), Gizem Akkuş (Rena) və digərləri tamaşada rol alıblar.

Məlahət Abbasova bildirib ki, İblis əsəri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə tamaşaya qoyulur. Bu barədə razılıq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyəyə səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Salih Efiloğlu ilə görüşündə əldə olunub.

Gələn ilin fevralında tamaşanın premyerasının keçirilməsi nəzərdə tutulub.

Tamaşanın İstanbuldan sonra Türkiyənin digər şəhərlərində, həmçinin Bakı və Naxçıvan şəhərlərində də teatrsevərlərin görüşünə gəlməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.7.