Hər çiçəyin öz ətri

 

 

Ölkəmizdə yaşayan xalqların nağılları əsasında çəkilmiş rəsmlərin sərgisi

Dekabrın 23-də Xətai Sənət Mərkəzində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Hər çiçəyin öz ətri adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkdikləri rəsm əsərlərinin sərgisi keçirildi.

Multikulturalizm ilinə həsr olunmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edirdilər.

Tədbiri Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq sərginin mahiyyəti haqqında bilgi verdi. Bildirdi ki, burada başlıca məqsəd oxucular arasında azsaylı xalqların nağıllarını tanıtmaq və onları rəsmlərin diliylə ifadə etməkdən ibarətdir. Münsiflər heyəti 85 məktəblinin Azərbaycan, rus, Ukrayna, avar, ləzgi, yəhudi və digər xalqların nağıllarının motivləri əsasında çəkdiyi 127 rəsm əsərini seçib. Həmin əsərlər ekspozisiyada təqdim edilib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı, uşaq kitablarının illüstratoru, professor Arif Hüseynov sərginin önəmindən, əl işlərinin seçim prosesindən söz açdılar, hər bir iştirakçıya uğurlar dilədilər. Arif Hüseynov həmçinin istedadlı uşaqları özünün məktəb studiyasına dəvət etdi.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova uşaqları ilk sərgiləri münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Ziba Məmmədova Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərovaya qurumun fəxri fərmanını və xatirə medalını təqdim etdi.

Sonra Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi yetirmələrinin ifasında ölkəmizdə yaşayan xalqların milli geyimləri nümayiş olundu.

Tədbirdə əsərləri sərgilənən uşaqların rəsmlərindən ibarət kataloqun da təqdimatı keçirildi. Kataloqda 85 uşaq və yeniyetmənin 127 rəsm əsəri yer alıb.

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.8.