Mənim multikultiralizm fəlsəfəm

 

 

Doğma vətənimiz Azərbaycanı sevmək, onu qorumaqinkişaf etdirmək

Açıq pəncərədən pərvazlanan tar sədalarını eşitdikdə bir qədər də yaxınlaşdım. Şövqlə ifa olunan Bayatı-Şiraz muğamını həyəcansız dinləmək mümkün deyildi. Həm də görəndə ki tar səsi dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədən gəlir, marağım bir qədər də artdı. Bəli, bu səs uzun illər musiqi sahəsində çalışan Nisim Nisimovun evindən eşidilirdi.

Nisim müəllimin evi Qudyalçayın kənarındadır. Çayın bir tərəfində Quba şəhəri, o biri tərəfində isə Qırmızı Qəsəbə yerləşir. Qırmızı Qəsəbənin 280 ilə yaxın tarixi var. Vaxtilə müəyyən səbəblərdən Azərbaycana pənah gətirən və Quba hökmdarı Hüseynəli xanın himayədarlığı ilə burada məskunlaşan dağ yəhudiləri böyük sərkərdə Fətəli xanın dövründə geniş imtiyazlara sahib olmuşbu yaşayış məntəqəsinin əhalisi durmadan artmışdır. Ötən illər ərzində müsəlmanlarla dağ yəhudilərinin dostluq əlaqələri daha da möhkəmlənmişdir. Şad gündə bir-birinin görüşünə gələr, sevincini bölüşər, yasda bir-birinin kədərinə şərik çıxarlar. Qudyalçayın üzərindən əsən mehin gətirdiyi tar sədaları da elə bu dostluqdan, bu ülfətdən xəbər verirdi. Nisim müəllim hərdən şirin avazla oxuyurdu da:

Girdim günəşin qoynuna, min bir səhərim var,

Bülbül mənim, gül , zimistan ola bilməz.

Bayatı-Şirazı dinlədikcə nəzərlərim Qudyalçayın sahillərindəki ecazkar təbiət mənzərələrinə, hər iki sahil boyunca uzanan yaşayış məntəqələrinə yönəlir. Şahdağın zirvəsindəki buzlaqlardan qidalanıb, sıldırım qayaların, sıx meşələrin, güllü-çiçəkli çəmənlərin sinəsindən süzülüb Xəzərə doğru istiqamət alan çayın şırıltısına qarışan Bayatı-Şiraz möhtəşəm bir oratoriyaya çevrilirdi. Bu oratoriyada həm təbiətin əsrarəngiz gözəlliyi, həm hər iki sahilboyu yaşayan xalqların özünəməxsus mədəniyyəti ifadə olunurdu.

İyirmidən artıq etnik tərkibi olan Qubanın özünəməxsus multikultural ənənələri var. Burada dağ yəhudiləri, ləzgilər, tatlar, xınalıqlılar, qırızlar, buduqlular, ruslar, ukraynalılar, beloruslar, Ahıska türkləri s. yaşayır. Həm öz ana dillərində danışan, həm Azərbaycan dilinin incəliklərinə bələd olan bu insanların məişəti bir-birinə yaxındır. Nisim müəllim söyləyir ki, uşaq vaxtı qonşumuz Gülzar xalanın laylalarına, nəğmələrinə o qədər böyük həvəslə qulaq asmışam ki. Qadınlar çayda xalça-palaz yumağa çıxardılar. Gülzar xala elə şirin avazla zümzümə edərdi ki. Mənim Azərbaycan xalq musiqisinə olan marağımın, sonralar tar müəllimi, xanəndə kimi fəaliyyət göstərməyimin əsas səbəblərindən biri elə Gülzar xalanın gözəl nəğmələridir... Yenə tarı köksünə sıxıb öz aləminə qapıldı. Bu dəfə həyəcanlı, daha təlatümlü musiqi səsləndi.

* * *

1918-ci ilin yazı Qubaya olmazın dəhşətlər, faciələrlə gəlmişdi. S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin yerlərdə sovet hakimiyyəti qurmaq adı altında Qubaya göndərdiyi erməni silahlı dəstələri burada dinc əhaliyə qarşı qətliamlara başlamışdı. 1918-ci il mayın 1-də Xalq Komissarları Soveti Qubaya gələn türk-müsəlmanların qatı düşməni, daşnak Hamazaspın komandanlıq etdiyi 2 min nəfərlik quldur dəstəsi Quba şəhərini Quba qəzasının 122 kəndini darmadağın etmişdi. Təkcə Quba şəhərində 2 mindən çox adam - kişi, qadın uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdi (Qətlə yetirilənlərin uyuduğu kütləvi məzarlıq faciədən 89 il sonra, 2007-ci il aprelində aşkar edilib). Ermənilərin Qubadakı azğınlığı doqquz gün davam etdi. Doqquz gün ərzində qətlə yetirilən insanların küçələrdən yığışdırılaraq dəfn edilməsinə belə icazə verilmədi. Daşnaklara qarşı yerli müqavimət hərəkatı da qızğın döyüşlərə atılmışdı. Qubadan Qusar istiqamətində hərəkətə keçən Hamazaspın dəstələrinin qarşısı ləzgilərdən ibarət müdafiə dəstələri tərəfindən alındı. Sonradan əhali tərəfindən Qanlı dərə adlanan ərazidə həlledici döyüş baş verdi. Daşnak dəstələri geri çəkilmək məcburiyyətində qaldı. Bu mübarizədə bölgədə yaşayan müxtəlif xalqların nümayəndələri vahid məslək uğrunda birləşmişdilər.

Hamazasp Qubadan çıxarkən əraziyə nəzarət etməyi yerli erməni Hartun Hayrapetova tapşırmışdı. Bir gün o, növbəti cəza əməliyyatını həyata keçirmək üçün əhalini Bazar küçəsinə yığır. Əhali arasında azərbaycanlılarla yanaşı dağ yəhudiləri, tatlar, ləzgilər, qırızlılar və digər xalqların nümayəndələri vardı. Əksəriyyəti də qadınlar, qocalaruşaqlar idi. Hartun bir qədər atını o tərəf-bu tərəfə sürüb camaata baxdı. Azərbaycanlılar tərəfindən Məşədi Orucu, digər azsaylı xalqların toplaşdığı dəstənin içərisindən isə dağ yəhudisi İxiili irəli çıxartdırdı:

- Mən sizin üçün imkan yaradıram ki, hər kəs öz dəstəsini, qohum-qardaşını, arvad-uşağını xilas edə bilsin. Sizin hərənizə bir tüfəng və bir patron verəcəyəm. Mən atəş komandası verəndə kim tez atəş açıb qarşısındakını öldürə bilsə, öz ailəsi, qohum-əqrəbası ilə evlərinə dağılışıb gedəcək. Ölən dəstə başçısının arxasındakı adamları isə mən bilirəm necə cəzalandıracağam.

Çox həyəcanlı bir vəziyyət yaranmışdı. Hartunun köməkçiləri Məşədi Orucuİxiili irəli çəkib hərəsinə bir tüfəng, bir ədəd də güllə verdilər. Hamı diqqətlə onlara baxırdı. İxiil ağır-ağır dönüb arxaya baxanda çoxlu adamların içində həyat yoldaşını və onun qucağından boylanan, hələ bir yaşı tamam olmayan oğlunu gördü. Məşədi Orucun da arxa tərəfində ailə üzvləri, qonşular toplaşmışdı. Məşədi Orucla İxiilin baxışları bir-birinə dikildi. Deməli onlar bizi üz-üzə qoydular, Onlar millət ayrı-seçkiliyi salmaq istəyirlər. Hər ikisi diqqətlə, həyəcanla bir-birinə baxırdı. Birdən Hartun atəş deyə bağırdı. Onun qışqırması ilə atdan yerə çırpılması bir anda baş verdi. Məşədi Oruc da, İxiil də gülləni Hartuna atmışdılar. Hər ikisi onun sinəsini nişan almışdılar. Dillənmədən, sözləşmədən. Elə bu vaxt hay-küy qopdu. Əhali Hartunun adamlarının üstünə cumub silahları onların əllərindən aldılar. Bir neçə gündən sonra şimal istiqamətindən ləzgi Səlimin, cənub istiqamətindən tat qaçaq Mayılın, şərq tərəfdən Əlibəy Zizikskinin, qərb tərəfdən xınalıqlı İsmayılın dəstələri Qubaya daxil oldu. Erməni-daşnakların Qubadakı hərbi rejiminə son qoyuldu.

1918-ci ildə erməni-daşnak hərbi birləşmələrinin bölgədə həyata keçirdiyi soyqırımında müxtəlif millətlərdən 16 min dinc sakin qətlə yetirilmişdi. Tarix boyu bu xalqlar vətənimiz Azərbaycanın toxunulmazlığı, ərazi bütövlüyü uğrunda səy göstərmiş, canından keçmiş, düşmənə baş əyməmişlər.

* * *

Nisim müəllimdən ayrılıb Qırmızı Qəsəbənin mərkəzinə doğru addımlayıram. Qəsəbədə 5 mindən artıq dağ yəhudisi yaşayır. Burada iki sinaqoq, dağ yəhudilərinin Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Birlik-Yedinstvo qəzeti, Qudyal jurnalı nəşr olunur. Qırmızı Qəsəbə yazarlarının əsərləri çap edilərək rayonun kitabxanalarında geniş oxucu kütləsinə təqdim edilir. Qubada məscid və sinaqoqun yanaşı fəaliyyət göstərməsini, axundun ravinlə bir yerdə çay içməsini, müsəlman və yəhudi icmasının nümayəndələrinin bir yerdə olmasını, bayramlarda bir-birini təbrik etməsini, bir-birinin evinə qonaq getməsini görəndə xarici qonaqlar da təəccübləndiklərini və belə bir halı dünyanın heç bir yerində müşahidə etmədiklərini məmnunluqla bildirirlər.

Gözüm qəsəbədəki küçə adlarından birinə dikilir: Milli Qəhrəman Albert Aqarunov küçəsi. Qırmızı Qəsəbədən olan Albert Aqarunov Qarabağ müharibəsi başlayanda Azərbaycan Milli Ordusunun sıralarında tankçı kimi vuruşmuşdur. Xankəndi, Daşaltı, Cəmilli döyüşlərində düşmənin çoxlu silahlı texnikasını, canlı qüvvəsini məhv etmişdir. Albert 1992-ci ilin 8 mayında Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bu zaman onun 23 yaşı vardı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanına layiq görülmüşdür.

Qırmızı Qəsəbə ilə Quba şəhərini birləşdirən XIX əsrə aid memarlıq abidəsinin - Tağlı körpünün üzərindəyəm. Buradan başı çalmalı, əzəmətli Şahdağ aydın görünür. Dağın ətəklərində neçə-neçə azsaylı xalq yaşayır. Hərəsinin də öz dili, öz adət-ənənəsi, öz mətbəxi, öz mədəniyyəti var.

Ulu öndər Heydər Əliyev 1998-ci ildə qubalılarla görüşəndə demişdi: Qubanın gözəl xüsusiyyəti ondan ibarətdir ki, burada yaşayan insanların hamısını bir ailədə birləşdiribdir. Burada Azərbaycanın bütün əhalisini təmsil edən, eyni zamanda müxtəlif milli köklərə mənsub olan insanlar bir ailədə dostluq, mehribanlıq şəraitində yaşayırlar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri hüquqisiyasi müstəvidə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin müdrik siyasəti və təşəbbüsü ilə Azərbaycanda milli azlıqların mədəniyyətinə, dilinə, tarixinə, adət-ənənələrinin qorunmasına qayğı ilə yanaşılmışdır. Bu sahədə qazanılan təcrübə beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilməklə bir çox dövlətlərə nümunə göstərilmişdir.

* * *

Artıq Azərbaycanda əsrlərdən bəri formalaşan multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilin Multikulturalizm ili elan edilməsi bir daha sübut edir ki, Azərbaycan bu sahədə öz tarixi ənənələrinə sadiqdir və ölkədə bütün xalqların nümayəndələrinə eyni münasibət bəslənilir.

Multikulturalizm ili çərçivəsində paytaxt Bakıda və bölgələrdə bir-birindən maraqlı tədbirlər keçirildi. Bu tədbirlərdə Qubadan olan azsaylı xalqlar da öz mədəniyyət və məişətlərini həvəslə nümayiş etdirdilər. İyunun 24-də Xaçmazda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə keçirilən Multikultural dəyərləri yaşadaq adlı festivalda ölkəmizin 40-a yaxın rayonunda yaşayan milli azlıqların folklor nümunələri nümayiş olundu. Bizim vətənimiz Azərbaycandır adlı konsert proqramı və azsaylı xalqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, xalçaçılıq, dulusçuluq və digər sənət əsərlərindən ibarət sərgi maraqla qarşılandı. Tədbirdə multikulturalizm festivalının açarı Qubaya verildi.

Daha bir mötəbər tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 30-da Heydər Əliyev Sarayında keçirildi. Azərbaycan - doğma diyar devizi altında Milli Azlıqların V Respublika Festivalı regionlarda fəaliyyət göstərən folklor kollektivlərinin olduqca maraqlı təqdimatı idi.

Gələcəkdə bu kimi respublika və beynəlxalq miqyaslı tədbirləri etnik tərkibi zəngin olan Qubada da təşkil etmək mümkündür. Regionların inkişafı üzrə Dövlət Proqramına əsasən Qubada həyata keçirilən infrastruktur layihələri nəticəsində burada irimiqyaslı tədbirlərin təşkili üçün imkanlar yaradılmışdır. Heydər Əliyev adına Mədəniyyət Parkı, Heydər Əliyev Mərkəzi, Yaşıl Teatr, Gənclər Mərkəzi, Olimpiya Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Mədəniyyət Sarayı, 4 və 5 ulduzlu hotellər, turizm mərkəzləri kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli məkanlardır. Bundan əlavə, Qubanın əsrarəngiz təbiəti, istiqanlı, qonaqpərvər əhalisi, burada yaşayan etnik qrupların rəngarəng mədəniyyəti hər kəsi heyran edir və müxtəlif multikulturalizm tədbirlərinin keçirilməsi üçün əlverişli imkanlar yaradır.

Mən fəxr edirəm ki, azərbaycanlıyam. Ulu öndər Heydər Əliyevin, eləcə də bu ölkədə yaşayan, onun vətəndaşlıq sənədini daşıyan, hər kəsin qürurla dediyi bu sözlər Azərbaycana məhəbbətin ifadəsidir. Mənim multikulturalizm fəlsəfəmin əsasında da elə bu fikir durur: doğma vətənimiz Azərbaycanı sevmək, onu qorumaqinkişaf etdirmək. Bu məslək naminə ölkəmizdə yaşayan bütün Azərbaycan vətəndaşları hər zaman bərabər, mehribancasına çalışmalıdırlar. Doğma Azərbaycanımız naminə.

Ramiz Ramazanlı

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru

 

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.13.