Bakı səhnəsində Anadolu rəngləri

 

 

Dekabrın 23-də Heydər Əliyev Sarayında Anadolu rəngləri adlı konsert proqramı keçirilib. Konsert Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Vətən torpağının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin ulu öndər Heydər Əliyevin Bir millət, iki dövlət fəlsəfəsinə söykəndiyini deyib. Konsert proqramı barədə danışan millət vəkili vurğulayıb ki, belə bir mədəniyyət hadisəsinin baş tutması xüsusi bir missiya daşıyır. Anadolunun zəngin mədəniyyətə sahib olduğunu söyləyən deputat diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə mədəniyyəti həm eyni mənbədən qaynaqlanır, həm də coğrafi baxımdan bir-birini tamamlayır.

Çıxışına Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirindən misraları səsləndirərək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral tədbirin iki qardaş ölkənin birliyini nümayiş etdirdiyini deyib.

Çıxışlardan sonra konsert proqramı başlayıb.

Anadolu rəngləri proqramında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət idarəsinin nəzdindəki İstanbul Tarixi Türk Musiqi Cəmiyyətinin, Mehtər qrupunun, Dövlət Xalq Rəqsləri Cəmiyyətinin, Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin, Konya Türk Musiqisi Cəmiyyətinin, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbulİzmir Klassik Türk Musiqisi Xor ansambllarının sənətçiləri çıxış ediblər. Konsertdə tamaşaçılara mədəniyyətlərin beşiyi olan Anadolunun mehtər marşlarından türk xalq musiqisinə, xalq rəqsləri nümunələrindən klassik türk musiqisi nəğmələrinə, təsəvvüf musiqisindən türk dünyası musiqi nümunələrinədək geniş bir repertuar təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.16.