Azərbaycan Respublikası Turizm Şurasının ilk iclası keçirildi

 

Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək

Dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olunub.

Şuranın sədri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Şuranın üzvləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, xarici işlər nazirinin müavini Nadir Hüseynov, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, vergilər nazirinin müavini Sahib Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, daxili işlər nazirinin müavini Oruc Zalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağı-zadə, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayevdir.

Dekabrın 29-da Azərbaycan Respublikası Turizm Şurasının ilk iclası keçirildi. İclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnamədə qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışdı.

Bildirdi ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür: Yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunumilli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yeri bu sahədə yeni nailiyyətlər əldə edilməsinə gətirib çıxarıb: Turizm özlüyündə bir sıra sahələri əhatə edirbu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi bu sahədə dönüş yaradacaq və ölkəmizdə turizmin inkişafı üçün yeni bir mərhələ olacaq.

Əbülfəs Qarayev bildirdi ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq: Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik.

Nazir indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırdı: Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsirini göstərəcək.

Vurğulandı ki, ölkəmizə həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün yaradılacaq Milli Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək. Büro gələn il fevral ayının sonunadək tam olaraq fəaliyyətə başlayacaq.

Əbülfəs Qarayev bildirdi ki, 2016-cı ildə ölkəmizə turist axını tempi, bu sahədə görülən işlərin nəticəsi bu tendensiyanın növbəti ildə daha sürətlə davam edəcəyini deməyə əsas verir. Qeyd olundu ki, Yeni il bayramı günlərində Azərbaycandakı hotellərin böyük əksəriyyətində yerlər sifariş olunub: Həmin müştərilər arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır.

İclasda Şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparıldı.

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.3.