Dövlət müstəqilliyimizin 25-ci ildönümünə sənət hədiyyəsi

 

   Rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat müsabiqəsinin sərgisi keçirildi

  

   Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat müsabiqəsinin yekun sərgisinin açılışı keçirildi.

   Ölkə Prezidentinin 11 oktyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və ARİ tərəfindən keçirilən sərgi sənətsevərlərin böyük marağına səbəb oldu.

   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq müstəqilliyimizin 25-ci ilinə həsr olunmuş sərgini sənət bayramı kimi dəyərləndirdi. Qeyd etdi ki, sərgidə vətənpərvərlik və dövlətçilik mövzusunda olan əsərlər daha çoxdur. Bu da rəssamlarımızın müstəqillik məsələsinə məsuliyyətlə yanaşdıqlarını göstərir.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgini dövlət müstəqilliyimizin 25-ci ildönümünə böyük hədiyyə adlandırdı. O, sərgi-müsabiqənin qalib və mükafatçılarının gələn il yanvarın ortalarında məlum olacağını söylədi. Nazir müavininin sözlərinə görə, bu sayaq sərgilərin məqsədi sənət vasitəsilə gənc nəsildə Vətənə, xalqa və dövlətçilik ideyalarına inam və sayğını artırmaq, milli ruhu yaşatmaqdan ibarətdir.

   Ə.Vəliyev çıxışı zamanı həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, tanınmış heykəltəraş Arif Qazıyevi 80 illik yubileyi münasibətilə təbrik etdi.

   Nazir müavini Azərbaycanda mədəniyyətin inkişafına göstərdiyi xidmətlərinə görə Xətai Sənət Mərkəzinin direktoru Kamal Əvəzov və Rafiq Abdullayevə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanlarını təqdim etdi.

   Sərginin açılışından sonra sənətsevərlər rəssamların dövlət müstəqilliyimizin bərpasından ötən 25 ildə respublikanın siyasi, iqtisadi, hərbi, idman, mədəni həyatında əldə olunan uğurlarına həsr olunmuş rəngkarlıq, qrafika və heykəltəraşlıq və plakat əsərləri ilə tanış oldular.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.6.