Tanınmış musiqişünasın yubileyinə həsr olunmuş tədbir

 

 

Dekabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru İmruz Əfəndiyevanın 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə İmruz Əfəndiyevanın yaradıcılığından söhbət açıb, yubilyara rəhbərlik etdiyi qurum adından fəxri diplom təqdim edib.

Xalq artisti Tofiq Bakıxanov, əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Həcər Babayeva, BMA-nın professorları Səadət Seyidova, Ceyran Mahmudova və digər çıxış edənlər İmruz Əfəndiyevanı musiqimizin yorulmaz təbliğatçısı adlandırıblar. Tədbirdə yubilyarın yeni çapdan çıxan Musiqi mədəniyyətimiz və müasirlik adlı kitabının təqdimatı keçirilib. İ.Əfəndiyeva onun yaradıcılığına göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Sonda BMA-nın müəllim və tələbələrinin ifasında musiqi kompozisiyası təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.2.