Türk dünyasının zənginliyi sənət əsərlərində

 

 

 

   Ankarada azərbaycanlı heykəltəraşın sərgisi

  

   Dekabrın 27-də TÜRKSOY-un Ankaradakı qərargahında Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı heykəltəraş Sait Rüstəmin əsərlərindən ibarət sərgi təşkil olundu. Sənətkarın 60 illiyinə həsr edilən sərgidə səfir Faiq Bağırov və səfirliyin əməkdaşları, mədəniyyət və incəsənət nümayəndələri, media təmsilçiləri iştirak edirdi.

   Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, türk dünyasının dəyərli heykəltəraşlarından olan S.Rüstəmin anadan olmasının 60 illiyi münasibətilə düzənlənən sərginin məqsədi həm də sənətkarın əsərlərinin ankaralı sənətsevərlərə tanıdılmasıdır: “Mən belə bir sənətkarın sərgisinin TÜRKSOY-da açılmasından qürur hissi keçirirəm”. Heykəltəraşın yaradıcılığından da bəhs edən D.Kaseinov onun türk dünyasının zənginliyini öz əsərlərində əks etdirdiyini vurğuladı.

   Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə Sait Rüstəmin Azərbaycanın heykəltəraşlıq sənətində öz dəst-xətti olan sənət adamı olduğunu diqqətə çatdırdı: “Onun yaratdığı heykəllər Türkiyənin müxtəlif bölgələrini bəzəyir. O, üslubuna görə milli özəllikləri canlandıran bir sənətkardır. Əsərlərinə diqqət etsəniz, Azərbaycan adət-ənənəsini, qəhrəmanlarını, sənət adamlarını görə bilərsiniz”. Ə.Nemətzadə S.Rüstəmin Türkiyədəki azərbaycanlı diasporunun və qeyri-hökumət təşkilatlarının işlərində fəal iştirak etdiyini vurğuladı.

   Səfir Faiq Bağırov Azərbaycanın əsrlər boyu inkişaf etmiş bir sənət ənənəsinə malik olduğunu vurğuladı: “Bu sırada heykəltəraşlıq önəmli bir yer tutmaqdadır. Dövlət tərəfindən bu sənətin inkişafı üçün xüsusi səylər göstərilir. Qardaş Türkiyənin bir çox universitetlərinin incəsənət fakültələri və bununla bağlı qurumlarda da çox sayda azərbaycanlı sənətkar çalışmaqda və öz bilgilərini gənc nəsillərə ötürməkdədir. Onlardan biriSait Rüstəmdir. O, Türkiyənin önəmli insanlarının heykəllərini yaradıb. Eyni zamanda bir sıra ölkələrdə də əsərləri var. Sait Rüstəmə yeni yaradıcılıq uğurları diləyirəm”.

   Çıxışlardan sonra Düsen Kaseinov Sait Rüstəmə TÜRKSOY-un xatirə medalını təqdim etdi. Səfir Faiq Bağırov isə yubilyara səfirlik adından təşəkkürnamə və üzərində Azərbaycan bayrağı olan saat hədiyyə etdi.

   Sonda çıxış edən Sait Rüstəm belə bir tədbirə görə çox duyğulandığını dilə gətirdi. Eyni zamanda “Əgər məndən yaşımı soruşsanız, özümü 60 yaşda deyil, 25 yaşda hiss edirəm” - deyə zarafat etdi. O, sənətdə həyat yoldaşının ona hər zaman dəstək olduğunu xüsusi vurğulayaraq “Gələcəkdə daha böyük layihələr reallaşdırmaq istərdim”, - dedi.

   Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış oldular. Qeyd edək ki, azərbaycanlı heykəltəraşın TÜRKSOY qərargahında sərgisi 2017-ci il yanvarın 10-dək seyrçilərin üzünə açıq olacaq.

  

   Mehparə Sultanova

   Ankara

  

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.12.