İlin təsviri sənət hadisələri

 

 

2016-cı il ölkəmizin mədəni həyatının, incəsənətinin digər sahələri kimi, təsviri sənət həyatında bir sıra əlamətdar hadisələr, uğurlarla yadda qaldı.

Bu ilin ilk sərgisi yanvarın 12-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda rəssam Qafar Sarıvəllinin 60 illik yubileyinə həsr edilmişdi.

Martın 1-də Tbilisidəki Gürcüstan Milli Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açıldı, sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olundu. Qeyd edək ki, bu il 70 illik yubileyini qeyd edən Azərbaycan Rəssamlar İttifaqı (ARİ) sədrinin Rusiyada da sərgiləri keçirildi.

Artıq üçüncü ildir ki, ölkəmizdə ARİ-nin təşkilatçılığı ilə Təsviri sənət həftəsi keçirilir. Builki tədbirlər martın 24-dən 29-dək paytaxtdakı müxtəlif ünvanlarda baş tutdu.

Apreldə V.Səmədova adına sərgi salonunda karikaturaçı-rəssam Hafiz Nəsiroğlunun əsərlərindən ibarət sərgi açıldı. Aprelin 15-dən mayın 15-dək sənətsevərlər Müasir İncəsənət Muzeyində tanınmış gürcü rəssamı Lia Şvelidzenin Kiçik retrospektivinə tamaşa etdilər.

May ayında Muzey Mərkəzində Belarusdan tanınmış kukla ustası Qalina Dmitrukun Gecə nağılları adlı müəllif kuklaları sərgisinin açılış mərasimi gerçəkləşdi.

İyunda Qəbələ şəhərində meksikalı rəssam Marqarita Moralesin fərdi sərgisi təşkil edildi, bölgə tamaşaçıları və turistlər tərəfindən maraqla qarşılandı.

İyulda Rusiyada yaşayan rəssam soydaşımız Bayram Salamovun Muzey Mərkəzində fərdi sərgisi keçirildi. Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş xatirə sərgisi baş tutdu.

Oktyabrda Qala Dövlət tarix-etnoqrafiya qoruğunda V Beynəlxalq Tullantıdan sənətə sərgisi açıldı. Sərgidə 30 ölkədən 80-dən çox sənətkarın əsəri nümayiş etdirildi.

Bu ay həmçinin Fransanın Luvr muzeyinin Karusel salonunda təşkil olunan 19-cu Art Shopping beynəlxalq müasir incəsənət sərgisində Azərbaycan rəssamları Əsmər Nərimanbəyova, Nərgiz Quliyeva, Elnarə Səfərova və başqalarının əsərləri sənətsevərlərə təqdim edildi.

Noyabrda Rusiya Dövlət Tretyakov Qalereyasında Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları adlı sərginin açılışını mədəniyyətimiz üçün önəmli hadisə saymaq olar. Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mirnadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq işi nümayiş etdirilib.

Noyabrda Milli İncəsənət Muzeyində açılan Fransa incəsənəti - Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından adlı sərgi də böyük maraq doğurdu. Multikulturalizm ilimuzeyin 80 illik yubileyi münasibətilə keçirilən sərgidə janrmövzu genişliyi, tarixiliyi ilə diqqəti çəkən 200 sənət əsəri nümayiş olunur. Sərgi 26 yanvar 2017-ci ilədək davam edəcək.

Noyabrın sonunda muzeydə açılan Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan adlı sərginin məqsədi isə ölkəmizdəki multikulturaltolerant mühitin ötən əsrin 50-80-ci illərində rəssamlarımız tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır.

Bu il bir neçə görkəmli fırça ustasının Azərbaycan Milli İncəsənət Muzeyində yubiley sərgiləri keçirildi. Xalq rəssamı Cahangir Rüstəmovun 90, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun 100, xalq rəssamları Maral Rəhmanzadənin 100, Elbəy Rzaquliyevin 90 illik xatirə sərgiləri tamaşaçıların ixtiyarına verildi. Bu sərgilərdə sənətsevərlər həmin rəssamların vaxtilə yaratdıqları və indi də müxtəlif fond və muzeylərdə qorunan ən məşhur əsərlərini görmək imkanı qazandılar.

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.12.