"Baku Guide" bələdçi kataloqunun fevral sayı çapdan çıxıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun fevral sayı işıq üzü görüb.

 

"Bakı haqqında hər şey" konseptində, Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşrin yeni sayında şəhərin teatrkonsert müəssisələrinin, kino mərkəzlərinin fevral ayı üçün repertuar və afişası ilə yanaşı, müxtəlif mövzularda maraqlı materiallar da yer alıb.

Məşhur cazmen, bəstəkar və virtuoz pianoçu Vaqif Mustafazadəyə həsr olunmuşUnudulmaz melodiyaların doğulduğu ev” adlı yazıda sənətkarın həyat və yaradıcılığından, dünya və Azərbaycan caz musiqisinin inkişafına töhfələrindən bəhs olunur, musiqiçinin İçərişəhərdəki memorial muzeyi haqqında məlumat verilir.

Odlar yurdunda qış istirahəti” məqaləsi qışın son ayını dağ-xizək mərkəzlərində, bölgələrdə keçirməyə üstünlük verən əcnəbi qonaqlaryerli sakinlər üçün maraqlı olacaq. “Azərbaycanda müalicə turizmi” yazısında isə istirahətlə yanaşı sağlamlığının da qeydinə qalmaq istəyənlərə respublikamızın bu sahədə geniş imkanlarından, mövcudyeni yaradılan infrastruktur, göstərilən xidmətlərdən söz açılır.

“Yüksək sürət və böyük həyəcan” adlı material bütün dünyada turistlərin maraqla izlədiyi “Formula 1” yarışının bu il iyunun 17-19-da Bakıda keçiriləcək Avropa Qran-pri mərhələsi haqqındadır.

 

Bələdçi kataloqun yeni sayında Amerikada milli mətbəximizi təbliğ edən soydaşımız Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabı da təqdim olunur. “Milli mətbəx” rubrikasında isə buğlamanın hazırlanma qaydası ilə tanış olmaq olar.

“Təqvim” rubrikasında oxuculara ingilis dilində 26 fevral - Xocalı soyqırımı günü haqqında məlumat verilir.

Kataloqda turistləri maraqlandıra biləcək suallar da ətraflı cavablandırılır. Nəşrdə həmçinin "Bakını "City sightseeng"lə kəşf edin", turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə telefonları və s. əksini tapıb. Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər isə onları maraqlandıran əyləncə gecələri və konsertlər barədə məlumat əldə edə bilərlər.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 16.