Ölkəmiz Yaponiyada qar fiqurları festivalında təmsil olunur

 

Yaponiyanın Sapporo şəhərində keçirilən 67-ci beynəlxalq qar fiqurları festivalında ölkəmiz ikinci dəfə təmsil olunur. Bu barədə məlumat verən Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov bildirib ki, məqsəd Azərbaycanı Yaponiyada daha yaxından tanıtmaqdır.

Festival təkcə Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan artıq insan ziyarət edir.

Qeyd edək ki, həmvətənimiz ilk dəfə 2014-cü ildə ölkəmizin bu festivalda iştirakı ilə bağlı təşəbbüslə çıxış edib. Ötən il ölkəmiz festivalda Qız qalası və qardan düzəldilmiş milli geyimli insan fiqurları ilə təmsil olunub.

Bu dəfə isə Bakının yeni memarlıq nümunəsi sayılan Heydər Əliyev Mərkəzinin qar fiqurunun yaradılması təklifi maraqla qarşılanıb. Qar fiqurunun hündürlüyü 4, eni 3 metr olacaq.

Yanvarın 31-də Hokkaydo Universitetinin əcnəbi tələbələri, “Sapporo Ohdori Lions Club”ın fəxri üzvləri və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Tokyo Dome Hotel Sapporo” hotelində Azərbaycanın festivalda təmsil olunması ilə bağlı ziyafət təşkil edilib.

Tədbirdə “Sapporo Ohdori Lions Club”ın prezidenti Oya Ryusuke, sabiq prezident Yamada Masayuki və Əlibəy Məmmədov Azərbaycan haqqında çıxış ediblər.

Həmin günSapporo Ohdori Lions Club”ın üzvləri, Hokkaydo Universitetinin tələbələri və məktəblilərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qar variantının düzəldilməsinə başlanılıb.

 

Mədəniyyət.- 2016.- 3  fevral.- S. 16.