Baletmeysterin 70 illiyi qeyd edilib

 

Astara rayon Mədəniyyət mərkəzində baletmeyster, Əməkdar mədəniyyət işçisi Cəbrayıl Əliyevin anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yubilyara təbrik məktubunu diqqətə çatdırıb, ona fəxri fərman və mükafat təqdim edib. Rayon Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı tərəfindən də sənətkara fəxri fərman və hədiyyə təqdim olunub.

Çıxış edənlər yubilyara xoş arzularını çatdırıblar. Qeyd olunub ki, Xalq artisti Əlibaba Abdullayevin rəhbərliyi altında rəqs sənətinin sirlərinə yiyələnən C.Əliyev 1965-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına üzv qəbul edilib, 1971-1973-cü illlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Mahnı və Rəqs Ansamblında baletmeyster kimi fəaliyyət göstərib. Astara rayon Mədəniyyət evində “Sevinc” mahnı və rəqs ansamblı yaradıb, kollektivin sorağı respublikamızda və xarici ölkələrdə yayılıb.

C.Əliyevin əməyi yüksək qiymətləndirilərək 1989-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, “Sevinc” ansamblına isə “Xalq kollektivi” adı verilib. Hazırda C.Əliyev Mədəniyyət mərkəzində “Coşqun” rəqs kollektivinə rəhbərlik edir, peşəsinin sirlərini gənclərə və məktəblilərə həvəslə öyrədir.

Tədbirdə yubilyarın yaratdığı mahnı və rəqs kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim edilib. Sonda C.Əliyev ona göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edib.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 11.