Sənətdə keçən ömür

 

Tanınmış bəstəkar Musa Mirzəyev dünyadan köçdü

 

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Prezident təqaüdçüsü, Xalq artisti, professor Musa Mirzəyev 2016-cı il yanvarın 29-da ömrünün 84-cü ilində vəfat edib.

 

Sənətkarın vəfatı ilə bağlı Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri adından başsağlığı verilib.

Nekroloqda qeyd olunur ki, Musa Musa (Əli Musa) Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. 1947-1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda oxuyub, 1952-1958-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Dövlət RadioTeleviziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978-1979-cu illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olan bəstəkar yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.

Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olaraq Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib, ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələyib. Onun yaradıcılığında xüsusən simfonikkamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tutur. Milli kolorit, zəngin dramatizm bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.

Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən ifa edilərək respublikadaonun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.

Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Bəstəkar “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Sənətkarla vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət xadimləri iştirak ediblər. Musa Mirzəyev ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 6.