Gənclər sərgisində bayram coşqusu

 

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Gənclər Günü münasibətilə gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət sərgi açıldı. Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Rəssamlar İttifaqıdır. Salonda əsl bayram coşqusu vardı.

 

Tədbiri Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq iştirakçıları əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, budəfəki sərgidə çoxlu gəncin iştirak etməsi sevindiricidir. Ona görə ki, həmin gənclərin arasından istedadlı rəssamlar yetişəcək, gələcəkdə incəsənətimizi təmsil edəcəklər.

Gənclər və İdman Nazirliyinin Gənclərlə şöbəsinin müdiri İndira Hacıyeva da tədbir iştirakçılarına təbriklərini çatdırdı, gənc rəssamların bu sərgiyə həvəslə hazırlaşdıqlarını söylədi. O, yaradıcı gənclərimizi xalqımızın mədəniyyət xəzinəsinə yeni töhfələr verməyə çağırdı.

Rəssam Tahir Məmmədov gənclərə tövsiyə etdi ki, sərgilərə əsər təqdim edərkən ilk olaraq onların orijinallığına diqqət yetirmək gərəkdir.

Hər il Gənclər Günü münasibətilə Rəssamlar İttifaqının gənclər bölməsinə yeni üzvlər qəbul edilir. Bu il də 50 gənc üzvlüyə qəbul edilib. İttifaqın sədri F.Xəlilov onlardan 5 nəfərinə üzvlük vəsiqəsi təqdim etdi.

Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra sənətsevərlər əsərlərlə yaxından tanış oldular.

Qeyd edək ki, sərgidə gənc rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, art fotoqrafiya janrlarında onlarla əl işi nümayiş olunur. Müəlliflərin çoxu hazırda rəssamlıq və heykəltəraşlıq təhsili alan gənclərdir. Onların arasında orijinal duyumu, üslubu ilə yaşıdlarından seçilən, fərqlənənlər az deyil. Rəngkarlıq sahəsində Aliyə Mirmövsümzadənin “Moskva panoraması”, Cəmilə Salmanlının “Narlar”, Ceyhun Dosuyevin “Qədim şəhər”, Elgün Tağıyevin “Natürmort”, Gülşən Ağayevanın “Günəbaxan”, Cavid Mirzəlinin “Payız”, Əlihüseyn Bağırovun “Qış mənzərəsi”, Eyvaz Soltanlının “Avtoportret”, Nigar Məmmədovanın “Ustada ithaf”, Orxan Əliyevin “Xızı” və digər əsərlər maraqla qarşılandı. Sənubər Rəsulzadənin “Şah namazlıq”, Səbinə Məmmədlinin “Buludxalça eskizləri də diqqəti çəkir.

Heykəltəraşlıq nümunələrində Rahib Qarayevin “24 saat”, Ülviyyə Əliyevanın “Uğur”, Mariya Pimenovanın “Portret”, Pərviz Abbasovun “Uşaqlıq”, Qızbacı Nağıyevanın “Nazlı qız” əsərləri müəlliflərin ümidverici gələcəklərindən soraq verir.

Sərgi bir həftə davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 3.