«Əyriqulaq dovşan», «Fidanqoğal», «Günahsüz günahkarlar»...

Arzu Soltanın «Birpərdəli uşaq pyesləri»nin təqdimatı

 

Mütaliəni sevənlərin sayı nə qədər azalsa da, yenə də onların arasında pyesləri, dram əsərlərini oxumağı xoşlayanlar var. Hərçənd son illər Azərbaycan ədəbiyyatında ən az yaxşı nümunələr də elə dramaturgiyanın payına düşür. Uşaq pyesləri isə... Bu, başqa bir yazının mövzusudur. Biz isə yazıçı-jurnalist Arzu Soltanın «Birpərdəli uşaq pyesləri»nin təqdimatından danışmaq istəyirik.

Bilənlər bilir, bilməyənlərə də biz deyək ki, Arzu Soltan Bakı Uşaq Teatrının yaradıcısı, aktyor, rejissor İntiqam Soltanın həyat yoldaşıdır. Yaradıcı cütlük teatrı da öz övladları kimi çiyin-çiyinə böyüdüb, peşəkar kollektiv olmasında birgə çalışıb. Arzu xanımın pyesləri də Bakı Uşaq Teatrının səhnəsində «doğulub», bu teatrın daimi tamaşaçıları həmin pyeslərin çoxunu səhnədə izləyib.

«Birpərdəli uşaq pyesləri» kitabında 21 əsər toplanıb ki, bunlar müxtəlif peşəkar və həvəskar teatrlarda uşaqlar üçün tamaşaya qoyula bilər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən təqdimat mərasimində məlum oldu ki, bu kitabın nəşri hazırda Şimali Kiprdə doktorantura təhsili alan Arzu Soltan üçün onun həyat yoldaşının və qızı İnarın sürprizidir.

Tədbirdə çıxış edənlər bu pyeslərin uşaqların mənəvi-psixoloji tərbiyəsinə xidmət etdiyini, həm də maarifləndirici məqsəd daşıdığını vurğuladılar. Bakı Uşaq Teatrının kollektivi isə tədbirə xüsusi rəng qatdılar. Qonaqlar gözəl mahnılar dinlədilər, «Qış bayramı»ndan Canavarın mahnısına, «Fidan və qoğal»dakı Ayının kitabın təqdimatına uyğunlaşdırılmış monoloquna güldülər, «Günahsız günahkarlar»ın halına acıdılar.

Kitabda müəllifin özü barədə maraqlı bir fikri qeyd olunub: «Azərbaycanda doğuldum. Bakıda təhsil aldım. Amma sonra dünyanı gəzdim. ABŞ-a, Avropa ölkələrinə, Asiyaya getdim. Həyatın tələbəsi olaraq qaldım yəni. İnsanları öyrəndim, mədəniyyətləri öyrəndim, teatr hərəkatları ilə tanış oldum. Hələ də yoldayam...»

Yolunuz hər zaman açıq olsun!

 

G.Mirməmməd

 

Mədəniyyət .- 2016.- 5 fevral.- S. 13.