Balacaların nağıl dünyasına səyahəti

 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı uşaq kitabxana filialında kiçik yaşlı uşaqların nağıl dünyasına həsr olunmuş “Göydən üç alma düşdü” adlı “nağıl saatı” keçirilib. Tədbir “PendikUşaq İnkişaf Mərkəzi ilə birgə təşkil olunub. Kitabxana işçiləri uşaqlara Azərbaycan xalq nağıllarını danışıblar, onları maraqlandıran sualları cavablandırıblar. Sonda uşaqlar kitabxanada təşkil olunmuş “Körpələrin nağıl dünyası” adlı sərgi ilə tanış olublar.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində növbəti “nağıl saatı” təşkil olunub. “Nağıl saatı”nın budəfəki qonaqları rayon 2 və 3 saylı uşaq bağçalarının körpələri olub. Kitabxananın əməkdaşları uşaqlara maraqlı nağıllar danışaraq onları sehrli aləmə aparıblar. Uşaqlar da hazırladıqları rəqslərlə iştirakçıların alqışını qazanıblar. Balacalar nağıl dünyasını çox bəyəniblər. Bağçaların müəllimləri kitabxananın əməkdaşlarına belə rəngarəng tədbirlərə görə təşəkkür ediblər.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 11.