Milli keramika sənətinin inkişafına böyük ehtiyac var

 

“İstəyimiz bu sənəti elmi əsaslarla inkişaf etdirməkdir”

 

Azərbaycanda milli keramika nümunələrinin yaradılması yönündə addımlar atılmağa başlanılıb. İlin əvvəlindən yaradılan “Nargis porcelain” müəssisəsi bu işi gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Müəssisənin rəhbəri, bu sahədə 30 illik təcrübəsi olan Yasin Xəlil Rusiyanın Novoçerkassk Texniki Universitetində bununla bağlı ixtisas təhsili alıb, Sankt-Peterburq Texnologiya İnstitutunda şüşə məmulatlarının texnologiyası və emalı üzrə dissertasiya müdafiə edib, texniki elmlər üzrə fəlsəfə doktorudur.

 

Xalqımızın keramika sahəsində tarixi ənənələrinin böyük olduğunu vurğulayan mütəxəssisin sözlərinə görə, vaxtilə Şəkidə 200-ə yaxın dulusçuluq emalatxanası olub: “Sovet dönəmində Bakıda saxsı qablar, Gəncədə çini qablar zavodları fəaliyyət göstərirdi. SSRİ dağılan kimi onların fəaliyyəti dayandı. O çağdan keramika ayrı-ayrı ustaların emalatxanalarında yaşamağa başladı. Ölkəmizə çoxlu qonaq gəlir. Onlara keramikadan hazırlanmış suvenirlərin hədiyyə edilməsi ölkəmizin təbliğatı baxımından məqsədəuyğun olardı. Bu baxımdan milli keramika sənətinin inkişafına böyük ehtiyac var. İstəyimiz bu sənəti elmi əsaslarla inkişaf etdirməkdir. Bu sahədə mütəxəssis olaraq işimizin uğur qazanacağına inamım böyükdür. Ən başlıcası, Azərbaycanda bu işi bədii baxımdan bilən, bacaran güclü rəssamlar var”.

Hazırda dünyada keramika sənəti çox irəli gedib. Avropada bu sənət geniş yayılıb, texnoloji proseslərdə böyük yeniliklər əldə olunub. Bütün bunları nəzərə alan mütəxəssis deyir: “Ölkəmizin də vaxtilə bu sahədə olan şöhrətini bərpa edəcəyinə inanıram. Xalqımızın zəngin naxış sistemi var. Təkcə xalçalarımızdakı naxışları keramikaya gətirməklə dünyada öz sözümüzü deyə bilərik. Bununla da milli keramikamız keyfiyyətcə yeni səviyyəyə qalxmış olacaq”.

Müəssisədə nəzərdə tutulan işləri gerçəkləşdirmək üçün dörd istiqamət müəyyənləşib. Birincisi, memarlıq keramikasının yaradılması, interyereksteryer üçün müxtəlif məhsulların istehsalı. İkincisi, dulusçuluğun yeni texnoloji uğurlarını tətbiq etməklə yeni, uzunömürlü müxtəlif məişət qablarının istehsalı, onların şirlənərək naxış və miniatürlərlə bəzədilməsi. Üçüncü, heykəltəraşlıq və müxtəlif fiqurların yaradılmasıdır. Burada nağıl, dastan, film qəhrəmanları, rəqslərimiz, bölgələr üzrə milli geyimlərimiz, oyunlarımız, tarixi şəxsiyyətlərin obrazları və s. düzəldilməsi nəzərdə tutulub. Dördüncü istiqamət modernist, avanqard üslublu keramik suvenirlərin yaradılması olacaq.

Yasin Xəlil deyir ki, hazırda ölkəmizə “milliad altında xaricdən çoxlu keramika məhsulu gətirilir. “Milli suvenirlər” kimi təqdim edilən bu məhsullar Çində istehsal olunur və keyfiyyətsizdir. Çinlilər bizim mədəniyyətimizi necə anlayaonu suvenirdə əks etdirə bilərlər?

Qarşıdakı işlərdən biri də şüşə ilə bağlı məhsulların istehsalı, eləcə də bəzəkli emal işlərini gerçəkləşdirməkdir.

Keramikanın başqa sənət sahələrindən fərqli olaraq qalıcı olduğunu bildirən müsahibim qədim keramika nümunələrində tarixi irsimizin yaşadığını deyir: “Keramika millətin mədəni irsinin, kimliyinin bir nümunəsidir. Fəaliyyətimiz yeni başlayıb. Az müddətdə bir sıra məhsullar istehsal etmişik. Bu, həm iqtisadiyyatımız, həm də milli mədəniyyətimiz üçün əhəmiyyətlidir. İşlərimiz uğurlu alınsa, gələcəkdə dünya bazarına da çıxmağı düşünürük”.

Mütəxəssis qeyd edir ki, bu işə başlamazdan öncə qonşu ölkələrdə keramika ilə bağlı durumu dərindən öyrənib: “Türkiyənin bu sahədə öz yolu var, onların naxış sistemi başqadır. Kütahyada keramika mərkəzləri var, ancaq məhsulların çeşidi azdır. Təkcə qab sahəsində irəliləyişləri var, fiqur, heykəltəraşlıq nümunələri yoxdur. İranda kaşı işindən qabağa getməyiblər. Rusiyada bu sahədə durğunluq var. Gürcülərin keramikası da çaxır butulkalarının düzəldilməsindən ibarətdir. Ermənilər digər sənətlərdə olduğu kimi, bu sahədə də oğurluqla məşğuldurlar. Rus keramik nümunələrini özününküləşdirib bazara çıxarırlar. Dünyada bu sahədə irəlidə olan ölkələr var, biz onlarla yarışa bilmərik. Amma bilirəm ki, biz milli məhsullarımızla, naxışlarımızla dünyanın diqqətini özümüzə çəkə bilərik. Yaxşı mütəxəssislərimiz var, gənc rəssamları bu işə cəlb etmişik. Dövlət tərəfindən də müəyyən kömək gərəkdir. Ötən il keçirilən I Avropa Oyunları ilə bağlı keramika suvenirlərimizi təqdim edə bilsəydik, yaxşı olardı. Bundan sonra belə yarışlar, beynəlxalq tədbirlərlə bağlı suvenirlər düzəltmək fikrimiz var”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 10.