Məşqi istirahət, tamaşanı bayram bilən sənətkar

 

Bəzən düşünürsən ki, sənət aləminə o qədər insan gəlib, o qədər insan səhnənin tozunu udub, o qədər aktyor, rejissor alqış səsi eşidib və ... unudulub. Amma yox!.. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, Əməkdar artist Əliheydər Ələkbərovun 100 illik yubiley tədbiri bir daha sübut etdi ki, Azərbaycan teatrından ötrü əziyyəti keçən kimsə unudulmayıb.

 

Əliheydər Əbdüləli oğlu Ələkbərov 1915-ci il iyulun 26-da Bakıda doğulub. İlk sənət təhsilini Bakı Teatr Məktəbində 1931-1934-cü illərdə alıb. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Teatr Məktəbinə daxil olduğu ildən Akademik Milli Dram Teatrında kütləvi səhnələrə çıxıb, həmçinin rejissor köməkçisi, rejissor-laborantrejissor assistenti kimi çalışıb. 1960-1967-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor olub. 1967-ci ildən ömrünün sonunadək Milli teatrda direktor işləyib.

* * *

Tədbir başlamazdan əvvəl tamaşa salonuna daxil olan və pərdələri açıq səhnəyə nəzər salan hər kəs artıq hiss edirdi ki, bu yubiley tədbiri iclas yox, maraqlı bir yubiley gecəsi olacaq. Yubiley gecəsini teatrın aktyorları, Əməkdar artist Sabir Məmmədov və Ləman İmanova aparırdılar. Sabir Məmmədov arada yubilyarın obrazına girərək gah məşqi idarə edirdi, gah da mərhum rejissorun qeydlərini oxuyurdu.

 

Həyat müəlliminə sayğılarla və bir övladlıq borcu

 

Çıxış üçün səhnəyə birinci dəvət edilən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət öz xatirələrində hələ rejissorluqda sözünü deməmiş, üstəlik, atasını vaxtsız itirmiş gənc bir oğlan idi. O gənc oğlan dövrünün tanınmış rejissoru Əliheydər Ələkbərovun Teatr İnstitutunda apardığı kursda assistentlik edir, təxminən elə özü ilə həmyaş tələbələrə dərs keçir. Azərpaşa müəllimin xatirələrindəki Əliheydər Ələkbərov xeyirxah, aktyorları sevən, onlarla işləməyi bacaran, onların həyatda rastlaşdıqları hər hansı problemi həll etməyi bir ağsaqqal kimi öhdəsinə götürən bir insan idi. Çıxışında salonu təsirləndirən bir fikir söylədi: «Bu yubiley tədbirini mən özümə həyat müəllimim hesab etdiyim Əliheydər müəllimə bir övladlıq borcu hesab edirəm. Hərçənd valideynin borcunu qaytarmaq mümkün deyil».

 

Sənət taleyimdəki «premyera»ların müəllifi

 

Qocaman rejissor, Xalq artisti Ağakişi Kazımov da sənətkarla bağlı xatirələrini bölüşdü. Vurğuladı ki, rejissor Əliheydər Ələkbərov onun sənət taleyində unudulmaz izlər qoyub. Belə ki, 1954-cü ildə aktyor kimi bu teatra qəbul olunanda ilk rolunu onun hazırladığı tamaşada oynayıb. 60-cı illərin sonunda Leninqradda rejissorluq təhsilini başa vurub qayıtdıqdan sonra bu teatrda «Darıxma, ana» tamaşasını da ona Əliheydər Ələkbərov tapşırıb. Bütün bunları minnətdarlıqla xatırlayan çıxışçı hələ 1957-ci ildə Oktyabr inqilabının 40 illiyi münasibəti ilə Ə.Ələkbərovun tamaşaya qoyduğu «Almaz» tamaşasının Moskvadakı ümumittifaq festivalındakı uğurunu da yada saldı. Böyük rejissorun istər Milli Dram Teatrında, istərsə də Musiqili Komediya Teatrında hazırladığı tamaşaların milli teatr tarixində hadisə kimi səciyyələndirdi. Ağakişi müəllimin xatirələrindəki rejissor Əliheydər həm də hər kəsə xeyirxahlıq etmiş bir insan idi: «Biz Ədil İsgəndərova demək istədiyimizi Əliheydər müəllimə deyərdik, o çatdırardı».

* * *

Çox sevdiyiçox can atdığı «Azdrama»ya məhz Əliheydər Ələkbərovun işə götürdüyü, «Mahnı dağlarda qaldı» tamaşasında Dördüncü qaçaq kimi sözsüz ilk rolunu sevgi ilə xatırladan Xalq artisti Hacı İsmayılovun çıxışı da sənət ruhlu xatirələrlə dolu idi. Əliheydər müəllim həmişə tələbələrinə deyərdi: aktyorun məşqi onun işi, tamaşası isə bayramıdır.

* * *

Yubiley gecəsi boyunca ekranda Əliheydər Ələkbərovu əbədiləşdirən lentlər - «Almaz» tamaşasının məşq prosesindən, gülüş ustası Bəşir Səfəroğlu, dramaturq Seyfəddin Dağlı və rəssam Nəcəfqulu ilə birlikdə «Gəlməli, görməli, gülməli» miniatür teatrı barədə sənət söhbətinin lent yazıları, elə həmin miniatur teatrın məşhur səhnəcikləri, «Mahnı dağlarda qaldı» tamaşasından səhnələr göstərildi. Teatrın gənc aktyorları isə «Almaz» və «Göz həkimi» tamaşalarından səhnələri canlı ifa etdilər. Tədbirin sonunda görkəmli rejissorun qızı, Azərbaycan Pedaqoji Universitetinin baş müəllimi Nigar Ələkbərova atasının xatirəsinə göstərilən bu ehtirama görə Mədəniyyət və Turizm Nazirliyinə, teatrın rəhbərliyinə və kollektivinə, yubiley gecəsinin quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova və ssenari müəllifi Çingiz Ələsgərliyə minnətdarlığını bildirdi.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 8.