Xaricdən daha çox turisti necə cəlb etməli?

 

 Aviabiletlərdə endirim olmasa, turların yekun qiymətini aşağı salmaq mümkün olmayacaq

 

Fevralın 4-də “Hilton Baku” hotelində Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri hotel nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşdə Azərbaycanda gəlmə (incoming) turizmin inkişaf etdirilməsi, xarici turistlərin, xüsusilə rusiyalı turistlərin ölkəyə cəlb olunması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olundu.

 

Görüşdə çıxış edən AZTA-nın sədri Nahid Bağırov bildirdi ki, bu gün ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda turizm şirkətləri hotellər bu işdə qarşılıqlı fəaliyyət göstərməlidirlər.

AZTA-nın Gəlmə Turizm Komitəsinin rəhbəri Murad Kərəmov bu sahədə mövcud problemlər, onların həlli ilə bağlı birgə fəaliyyətin, ölkəyə xarici turistlərin cəlb olunmasında yeni turizm məhsullarının yaradılmasının vacibliyindən danışdı.

Tədbirdə əvvəlcə Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi bu ölkədən turistlərin cəlb olunması üçün “Victory Tour”, “Millenium Tourism” İmprotex Tour”un birlikdə hazırladıqları layihə təqdim olundu.

Məlumat verildi ki, “təminatlı turadlanan turpaketlərdə yerli turizm şirkətləri hotellərdə Rusiyadan ən çox turistin gələcəyi mümkün tarixləri rezervasiya etmədən birbaşa alacaqlar. Bununla gələcəkdə baş verəcək qiymət fərqinin aradan qaldırılması mümkün olacaq. O zaman hər hansı bir səbəbdən qrupun əksəriyyəti gəlməsə , tur reallaşacaq, yaxud tur ləğv olunsa belə, hotellərə sifariş edilən yerlər üzrə ödəniş həyata keçiriləcək. Turizm şirkətləri bununla müəyyən qədər risk etmiş olacaqlar, amma ümid edirlər ki, risk özünü doğruldacaq.

Bu layihəyə 2014-cü ildə başlayan “Victory Tour” şirkətinin nümayəndəsi bildirdi ki, ay ərzində ən azı 2 qrup turun təşkili baş tutur. Turun digər fərqli cəhəti qrup üzvlərinin sayını turizm şirkətinin yox, turistlərin özünün müəyyənləşdirməsidir. Həmçinin şirkət nümayəndəsi bildirdi ki, təkliflər 3 4 ulduzlu hotellərlə həyata keçirilir. 5 ulduzlu hotellərə gəldikdə isə münasib qiymət olmadığı üçün bu, hələlik mümkün deyil.

Görüşdə turizm şirkətləri ilə hotellərin əməkdaşlığının gücləndirilməsi, həmçinin xarici turistlərin ölkəyə gəlməsini əngəlləyən məsələlər müzakirə olundu. Müzakirələr zamanı turpaketin tam qiyməti aviabiletdən müəyyən qədər asılı olduğu üçün aşağı büdcəli uçuşların təşkilinin vacibliyi qeyd olundu. Turizm şirkətləri təmsilçiləri bildirdilər ki, aviabiletlərdə endirim olmasa, turların yekun qiymətini aşağı salmaq mümkün olmayacaq. O zaman rəqabətdə bizdən daha aşağı qiymətlərə turlar təklif edən digər qonşu ölkələrə uduzmuş olacağıq.

Tədbirdə sözügedən üç şirkətin rusiyalı turistlər üçün həyata keçirdiyitəminatlı turpaketinin konkret qiymətləri elan olundu. 2 gecə / 3 günlük Bakı turu turistlərə 155 dollara təklif olunur. Təklifə aviabiletdən savayı qalan xidmətlər, həmçinin şəhərin tarixi yerlərinə ekskursiya da daxildir. 3 gecə / 4 günlükOdlar diyarıpaketinin eyni şərtlərlə qiyməti 298 dollardır. Təkliflərdə ölkəmizin digər regionlarının da daxil olduğu daha uzunmüddətli turpaketlər var.

Bu turpaketlərə əlavələrin olunması, həmçinin digər turizm şirkətlərinin hotellərin vahid qiymət siyasəti yeritməklə cəlb edilməsi ilə bağlı müzakirələr aparıldı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 6.