Azərbaycan-Rusiya əlaqələrindən bəhs edən fotosərgi açılıb

 

Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya-Azərbaycan-2015” fotosərgisi açılıb. Sərgi hər il fevralın 10-da Rusiyada, habelə ölkənin xaricdəki səfirlik və nümayəndəliklərində qeyd edilən Diplomatik İşçilər Gününə həsr edilib.

Açılış mərasimində çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsinin zəngin ənənələri olan diplomatiya tarixindən söz açıb, iki ölkə arasında münasibətlərdən danışıb: “Biz əməkdaşlıq etməyi və bir-birimizi anlamağı öyrənmişik. Mənafelərimiz üst-üstə düşürbu, böyük üstünlükdür”.

Sonra qonaqlar Rusiya diplomatiyasının formalaşma tarixini, bugünkü vəziyyətini və Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.

Ekspozisiyada 2015-ci ildə Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisələri, o cümlədən mədəniyyət və təhsil əlaqələrini əks etdirən fotolar yer alıb. Sərgidə regionlararası və humanitar əməkdaşlıq məsələlərinə, rusiyalı idmançı və azarkeşlərin Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirakına və s. xüsusi diqqət yetirilib.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S.  4.