Turizm sahəsində əlaqədar qurumların koordinasiyalı fəaliyyəti vacibdir

 

Mədəniyyət və turizm naziri turizm sənayesinin nümayəndələri ilə görüşüb

 

Fevralın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin nümayəndələri ilə görüş keçirib. Görüşdə nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası (AZTA), Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ictimai birliklərinin rəhbərləri, aparıcı turizm şirkətləri və mehmanxana rəhbərləri iştirak edib.

 

Nazir çıxışında son illər qeyri-enerji sektorunun inkişafında turizm sahəsinin prioritet olmasından söz açıb, növbəti illərdə də turizm sənayesinin yeni mərhələdə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı, digər sahələr kimi, turizm sahəsində də öz bəhrəsini veribbu sahədə dövlət proqramları təsdiq edilib. Ölkə başçısı öz çıxışlarında mütəmadi olaraq normativ-hüquqi bazanın yenilənməsi, turizm sahəsində inkişaf etmiş ölkələrdə olduğu kimi elektron viza sisteminin tətbiqi, hava limanlarında vizanın verilməsi məsələlərinə xüsusi diqqət ayırıb. 2013-cü ildən etibarən ölkəmizdə elektron vizanın tətbiqinə başlanılıb.

Nazir turizm sənayesi nümayəndələrinin müvafiq qurum rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirilməsi barədə tapşırıqlar verib. Ölkəyə turistlərin cəlb olunması üçün yaradılacaq yeni turizm məhsulunun indiki mərhələdə vacibliyi qeyd olunub.

Eyni zamanda AZTA, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ictimai birliklərinin vahid, koordinasiya olunmuş qaydada turistlərin cəlb olunması üçün birgə fəaliyyət göstərməsinin və fəaliyyət planlarının əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir kino sənayesinin də turizmin inkişafında əhəmiyyətli rolundan danışaraq bildirib ki, bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, Azərbaycanda da filmlərin çəkilişləri üçün təbiət, iqlimtexniki baza imkanları mövcuddur. Bu istiqamətdə xarici ölkələrin kino sənayesi ilə məşğul olan şirkətlərinin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsi vacibdir. Bu fəaliyyətin yeni turizm məhsulunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Qeyd edilib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır. Turizmin inkişafında elektron texnologiyalardan geniş istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan GoMap elektron naviqatorunun son dövrlər turizm sahəsinə verdiyi töhfələr buna misal ola bilər. Bu layihənin daha da geniş tanıdılması və inkişaf etdirilməsi istiqamətində turizm sənayesi nümayəndələri də aktivlik göstərməlidir.

Həmçinin Azərbaycan TurizmMenecment Universiteti və Bakı Turizm Peşə Məktəbi ilə turizm sənayesinin sıx əməkdaşlıq qurmasının vacibliyi vurğulanıb, bu çərçivədə treninq, seminar, yay məktəblərinin təşkil olunması kimi məsələlər müzakirə edilib.

Sonra turizm sənayesi nümayəndələrinin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.

Sonda nazir Əbülfəs Qarayev AZTA-nın təşkilatçılığı ilə gerçəkləşən “Baku Guide Servis” layihəsi üzrə 10 dildə hazırlıq keçmiş peşəkar bələdçilərə sertifikatlar təqdim edib.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 3.