Milli irs mətbəximiz Yaponiyada festivalda nümayiş olunub

 

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) eyniadlı rayonunun ərazisində yaşayan xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi ənənəvi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Festivalın açılış mərasimində çıxış edən MİFA-nın baş direktoru xanım Reyko KatoMequro rayonunun meri Eici Aoki tədbir iştirakçılarını salamlayıblar. Bildirilib ki, MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların həm yapon, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.

Festival müxtəlif xalqların mədəniyyət nümunələrini əks etdirən bədii proqramla davam edib. Yaponiyada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu Gülnarə Səfərova-Azumanın ifa etdiyi milli mahnılarımız və bəstəkar musiqisi nümunələri iştirakçıların alqışları ilə qarşılanıb.

Rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, CibutiKeniya səfirliklərinin stendləri iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan səfirliyinin stendində milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif çap məhsulları, “İRS-İsan” jurnalının nömrələri, “Jalə” nar şirələri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponların, eləcə də digər xalqların nümayəndələri tərəfindən xüsusi rəğbət görüb.

Mequro rayonunun meri Eici Aoki bildirib ki, ölkəmizin stendi yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, Azərbaycan səfirliyi ilə rayon meriyası arasında xoş münasibətlər var və birgə layihələr həyata keçirilir. 2013-cü ildə Azərbaycanın bir sıra rayon və şəhər icra hakimiyyəti başçılarından ibarət qrupun Mequro rayon rəhbərliyi ilə görüşünü xatırladan mer bildirib ki, Yaponiyada ölkəmizə böyük maraq var. Rayon rəhbərliyi Azərbaycanla daha sıx əməkdaşlığın qurulmasına çalışır.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 16.