Polşa jurnalında Azərbaycan haqqında təəssürat

 

Bu ölkədə çox şey dəyişmişdir”

 

Polşada nəşr olunan “4x4 Off-road pl” jurnalının fevral sayının “Sərgüzəşt” bölməsində “Transformasiya - Azərbaycan” adlı məqalə dərc olunub. Məqalənin müəllifi Mariuş Reveda, fotoların müəllifi isə İvona Kozlovyetsdir.

Mariuş Reveda uzun illərdir ki, müxtəlif ölkələrə səyahət ediröz təəssüratlarını, hər bir turist üçün dəyərli ola biləcək məsləhətləri www.kilometr.com saytında bölüşür.

Cənubi Qafqaza ikihəftəlik səyahət edən Mariuş Reveda fürsətdən istifadə edərək 7 il əvvəl olduğu Azərbaycana da 3 günlük səfər edib. 7 il bundan əvvəl gördükləri ilə bugünkü Azərbaycanı müqayisə edən müəllif ölkədə böyük dəyişikliklər olduğunu dönə-dönə vurğulayır: “Bu ölkədə çox şey dəyişmişdir. Qərb avtomobilləri şəhərdə çoxluq təşkil edir. Yollar yaxşılaşmış, şəhər isə həqiqətən də çox səliqəli görünür. Azərbaycan məni tez-tez təəccübləndirir. Bu, sözün müsbət mənasında belədir”.

Məqalədə Azərbaycan paytaxtını Moskva, İstanbul kimi şəhərlərlə müqayisə edən və Bakının qeyd olunan şəhərlərdən fərqli olaraq son illər ərzində daha çox inkişaf etdiyini vurğulayan müəllif bildirir ki, Bakını Asiyada yerləşən, keçmiş sovet respublikası paytaxtlarından biri kimi xatırlayır. Lakin bu dəfə gördükləri onu çox təəccübləndirib.

Müəllif qeyd edir ki, İçərişəhərin bərpası, ictimai parkların geniş ərazisi, turistik məlumatların keyfiyyəti, şəhər və ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili, küçələrin təmizliyi, həmçinin piyadaların mədəniyyəti yüksək səviyyədədir. Asiyada azərbaycanlılar bir Avropa şəhəri yaradıblar. O, Bakının İçərişəhərini Fransa və Almaniyanın qədim şəhərləri ilə bir tutur.

Məqalədə həmçinin Quba rayonunun 2300 metr yüksəklikdəki Xınalıq kəndinə səfərindən də söhbət açan Mariuş Reveda kəndə gedən yoldan, turistlər üçün maraqlı tarixi və mədəniyyət obyektlərindən, muzey və eksponatlarından yazır.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 8.