Sumqayıtda “Yurdumuzun rəngləri” sərgisi

 

Fevralın 8-də Sumqayıt Dövlət Rəsm Qalereyasında “Yurdumuzu qarış-qarış gəzək” aktiv rəssamlar qrupu üzvlərinin əsərlərindən ibarət “Yurdumuzun rəngləri” adlı sərgi təşkil olunub.

 

Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Uluslararası Aktiv Rəssamlar Birliyinin və “Femin Art” Beynəlxalq Qadın Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi rəsmlərin satışından gələn gəlirin müəyyən hissəsini xeyriyyə işlərinə xərcləmək, uşaqlarqocalar evlərinə yardım etməkdir.

Sərginin açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri və tanınmış incəsənət xadimləri iştirak ediblər.

Sərgini giriş sözü ilə açan qalereyanın direktoru Ellada Həsənova rəssamları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Uluslararası Aktiv Rəssamlar Birliyinin rəhbəri Nəvai Mətin sərgi və aktiv rəssamlar qrupunun fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Asif Rzayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, “Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini Nurulla Əliyev, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, xalçaçı-rəssam Fazil Abasquluzadə və digər çıxış edənlər sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sərgidə Gülər Fərhad, Əbdüləmi Əliyev, Akif Yarışov, Oktay Əliyev, Nəvai Mətin, Naqiyə Rzayeva, Pərviz Əsədov, Aynurə Mustafayeva, İradə Qədirova və Akif Əmirovun müxtəlif texnikajanrlarda çəkdikləri 100-ə yaxın əsəri (qrafika, xəz dəri üzərində işləmə, batika, foto, rəngkarlıq) nümayiş olunub.

Sərgilənən əl işləri böyük maraqla qarşılanıb. Sonda nümayiş etdirilən rəsmlərin müəlliflərinə və tədbirin təşkilində xidməti olan şəxslərə diplom və xatirə hədiyyələri verilib.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 7.