Dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edildi

 

Fəxri xiyabanda anım mərasimi

 

Fevralın 5-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin (1918-1982) anadan olmasının 98-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyəti nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları dahi musiqiçinin məzarı önünə çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etdilər.

Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın Azərbaycanın mədəniyyət tarixində tutduğu yerdən, musiqi sənətimizin inkişafına və dünya musiqi xəzinəsinə töhfələrindən söz açdı.

Bildirdi ki, Qara Qarayevin möhtəşəm əsərlərinin və onun tələbələrinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlir: “Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahi bəstəkarların tələbəsi olan Qara Qarayev bu sahədə özünün məktəbini formalaşdıraraq Azərbaycanda böyük bir bəstəkarlar nəslinin yetişməsində mühüm rol oynamışdır. Onun əsərləri bu gün də dünyanın böyük musiqi salonlarında səslənir və alqışlar qazanır”.

Firəngiz Əlizadə onu da xatırlatdı ki, ötən il ölkəmizdə keçirilən I Avropa Oyunlarının açılış mərasimində Qara Qarayevin əsərlərinin ifa olunması onun bəstəkar kimi böyüklüyünü bir daha nümayiş etdirməklə yanaşı, bu möhtəşəm mərasimə xüsusi bir gözəllik qatmışdı.

 

* * *

 

Filarmoniyada konsert proqramı

 

Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olundu. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev, solisti beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyev idi.

Proqramda Qara Qarayev və Fərəc Qarayevin “Quası una fantasia”, həmçinin Qara Qarayevin “2 saylı simfoniya” və Dmitri ŞostakoviçinSkripkaorkestr üçün 1 saylı konsert” əsərləri səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 6.