Gənc pianoçuların Şopen müsabiqəsində uğuru

 

Estoniyanın Narva şəhərində gənc pianoçuların Frederik Şopenin yaradıcılığına həsr olunmuş 11-ci beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə 11 ölkədən 50 musiqiçi iştirak edib.

Bu il professor Pyeep Lassmanın sədrlik etdiyi münsiflər heyəti gənc musiqiçilərin ifasında klassik əsərlərə qiymət verib.

Gənc pianoçuların müsabiqəsində Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri - Nigar Heydərli, Nərminə İsmayılova 13-15 yaş qrupunda, Elxan Niftiyev 16-18 yaş qrupunda, Qara Qarayev Mərkəzi İncəsənət Məktəbinin şagirdi Səbinə Rzazadə 13-15 yaş qrupunda təmsil ediblər.

Narva musiqi məktəbinin direktoru, müsabiqənin təşkilat komitəsi sədrinin müavini Tatyana Qonçarova ölkəmizin bu müsabiqədə uğurla təmsil olunduğunu deyib. O, 2014-cü ildə kiçik yaş qrupunda 2-ci mükafata layiq görülən Leyla Zeynalovanı və onun qardaşını - 2012-ci ildə Qran-pri mükafatını qazanmış Rüstəm Zeynalovu xüsusi qeyd edib.

Bu müsabiqədə debüt edən Bülbül adına məktəbin yetirməsi Elxan Şopenin sol minor balladasını məharətlə ifa edərək diploma layiq görülüb. Nigar Heydərli və Səbinə Rzazadə də diplomlara layiq görülüblər. Mi-bemol major valsını, 18 nömrəli əsəri ifa edən Nərminə İsmayılova 2-ci mükafatın sahibi olub.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 5.