Özbəkistanlı şagirdlər Qarabağın milli geyimləri sərgisində

 

Xəbər verdiyimiz kimi, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində daim fəaliyyət göstərən Qarabağın milli geyimləri sərgisi təşkil edilib.

Daşkənddəki 147 nömrəli məktəbin şagirdləri sərgi ilə tanış olublar. Mərkəzdəki Azərbaycan dili kursunun müəllimi Salama Fətəliyeva bildirib ki, kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, 20 çeşiddə qadın və kişi libasları daxil edilib.

Qeyd olunub ki, libaslar əsasən ipəkdən hazırlanıb və daş-qaşlarla bəzədilib. Sərgidə həmçinin Qarabağ xalçaları nümayiş etdirilir.

Xatırladaq ki, Qarabağ milli geyimlər kolleksiyası Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb.

Şagirdlər Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyi və Azərbaycanın Dövlətçilik Tarixi muzeyi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2016.-  12 fevral.- S. 16.