“Təmsilçisi olduğumuz böyük mədəniyyəti dünyaya tanıtmalıyıq”

 

Onunla Türkiyədə keçirilən mədəniyyət tədbirlərində bir neçə dəfə rastlaşsam da, ətraflı söhbət və müsahibə üçün fürsət olmamışdı. Uzun müddətdir ki, ictimai fəaliyyəti, türk dünyasında inteqrasiya, ortaq mədəniyyətimizin təbliği istiqamətində müxtəlif layihələri, təşəbbüsləri ilə tanınan Xəlil Şıvqın 80-90-cı illərdə mühüm siyasi məqamlarda, dövlət postlarında çalışıb. Türkiyənin mərhum prezidenti Turqut Özal ilə birlikdə Ana Vətən Partiyasının qurucularından biribaşqan müavini olub. Üç dəfə millət vəkili seçilib, Türkiyənin səhiyyə naziri (1989-1991) işləyib. Bu illərdə türkdilli respublikalarda, o cümlədən bir neçə dəfə Azərbaycanda səfərdə olub.

 

- Xəlil bəy, hazırda bir sıra vəqflərin rəhbərisiniz. Yəqin ki, onları təqaüdə çıxdığınız dönəmlərdə qurmusuz...

- Mən bu vəqfləri hələ Türkiyənin səhiyyə naziri çalışdığım vaxtlarda qurmuşam. Səhiyyə ilə bağlı Sağlamlıq Xidmətlərinin Genişləndirilməsi Vəqfi, Türk Dünyası ilə İşbirliyini Genişləndirmə Vəqfi (İsmayıl Qaspralının “Dildə, fikirdə, əməldə birlik” şüarını əsas tutaraq) və Strateji Araşdırmalar Vəqfini qurdum. Bu qurumların hər biri səhiyyəyə, mədəniyyətə xidmət edir və nəticə etibarı ilə insani əlaqələri, ünsiyyəti genişləndirir. Səhiyyə naziri kimi çalışarkən bir sıra təşəbbüsləri reallaşdırdım, dünya təcrübəsini tətbiq etdim. Türkiyəyə sağlamlıq sığortasını gətirdim. O vaxt insanlar müalicə üçün xaricə gedirdi, indi ən müxtəlif ölkələrdən Türkiyəyə gəlirlər. Türkiyə yaxın illərdə dünyanın öndə gedən səhiyyə ölkəsinə çevriləcək. İstərdim ki, bütün türk dünyasında eyni səhiyyə sistemini quraq. Güclü bir şəkildə irəli getmək lazımdır. Bunun üçün də əlaqələrin genişləndirilməsi lazımdır. Avropa Birliyinin üç fəlsəfəsi var: insanların, pulun sərbəst hərəkəti və açıq fikir mübadiləsi. Bu üç təməl fəlsəfə türk dünyasında inteqrasiyaya zəmin olmalıdır. O cümlədən vizaların aradan qaldırılması lazımdır. Sovetlərin dağılmağa başladığı vaxtda, hələ türk respublikaları müstəqillik əldə etməzdən öncə onlarla Türkiyə hökuməti adından ilk müqavilələri imzalayan nazir olmuşam. Orta Asiya respublikalarında və Azərbaycanda oldum. Bundan sonra türk dünyasına Prezident Turqut Özalın səfərləri başladı.

- Türk dünyasına ilk səfəriniz haradan başladı?

- İlk səfərim 1984-cü ildə Çindəki Uyğur bölgəsindən başladı. Həmin vaxtlar ora qadağan olunmuş bölgə idi. Mən bölgəyə Çin dövlət rəhbərliyinin razılığı ilə getdim. Onlarla söhbət etdik, fikirlərimizi anlatdım. Bundan sonra bölgəyə qapı açıldı. Eyni zamanda Uyğur bölgəsinin rəhbərlərini Türkiyəyə dəvət etdik. Urumçi valisi, Kaşğar valisi Türkiyəyə gəldi. Sonralar həm millət vəkili, həm nazir olaraq türk dünyasına səfərlərim oldu, uzun illər bağlı qalan qapılar tədricən açılmağa başladı.

- Azərbaycana ilk səfəriniz vaxt olub?

- Azərbaycana ilk dəfə 1991-ci ildə getmişəm. Heydər Əliyev Azərbaycanın dövlət rəhbəri olandan sonra üç dəfə Bakıya səfər etdim. Heydər Əliyevlə çox maraqlı görüşlərimiz oldu bunlar mənim üçün gözəl xatirəyə çevrildi. Bu yaxınlarda Azərbaycana yenidən getməyi planlaşdırıram. Türk dünyası əlaqələrin genişləndirilməsi ilə bağlı yeni addımları müzakirə edəcəyik.

- Son vaxtlar ümumtürk birliyi istiqamətində bir çox qurumlar yaradılıb. Sizcə, bunlar xüsusilə zəngin türk mədəniyyətinin təbliğində yetərlidirmi? Daha nələr etmək lazımdır?

- Türk dünyası bütündür mədəni anlamda dünyanın ən zəngin toplumudur. Çünki dünyaya sivilizasiyanın bir çox yeniliklərini ilk dəfə türklər gətiriblər. Türklərin qədim mətbəx mədəniyyəti var. Sonra çinlilər bunu bizdən alıb, bir az öz üsullarını da əlavə ediblər. Dünyada üçüncü yerdə Fransa mətbəxi dayanır ki, onlar da bunu böyük ölçüdə türk mətbəxindən götürüblər. Sultan Süleyman Qanuninin zamanında Fransa ilə Osmanlı arasında əlaqələrin genişlənməsi nəticəsində fransızlar Topqapıdan saray mətbəxini alıblar. İtaliya mətbəxinin nümunələrinin çoxu elə türk mətbəxinə aiddir. Məsələn, özbək milli mətbəxinə aid olan pitte - yəni pide bu gün İtaliyada pizza deyə tanınır. Yaxud götürək türk dünyasının saz-söz, musiqi mədəniyyətini. Bu mədəniyyət qopuzla başlayıb, o da ilk dəfə uyğurlarda olub. Yəni bizim türk dünyası dünya musiqisinin ata-anasıdır. Geyim, yemək, ev mədəniyyətini ilk dəfə dünyaya türklər yayıblar. Atı da ilk dəfə əhliləşdirən, savaşda istifadə edən türklər olub. Buna görə , bir araya gəlmək, dünya mədəniyyətinə, barışına töhfə verməyimiz lazımdır. Qədim zamanlarda türk xanımlarının geyimlərindəki rənglərə, motivlərə nəzər salın. Yüz illərdir ki, dəyişmədən günümüzə qədər gəlib çıxıb. Məsələn, hamam, təmizlik mədəniyyəti Avropadan çox-çox öncə türklərdə olub. Amma bugünkü dünya bizi yetərincə tanımır. Bizim Amerikada yaşayan Qazi Yaşar adlı tanınmış beyin cərrahımız var. Səhiyyə naziri işləyərkən onu Türkiyəyə dəvət etdim. O mənə dedi ki, burada həftə sonları Afrikaya safariyə gedirlər. Mən isə bunda fərqli bir şey görmədim. Bunun əvəzində Orta Asiyada keçirilən arxeoloji qazıntılara qatıldım orada 2 min il əvvələ aid cərrahiyyə aləti tapıldı. Bəlli oldu ki, atalarımız 2 min il əvvəl cərrahiyə əməliyyatı ediblər. Onu Amerikada, Avropada tanıtdım. İndi həmin aləti mənim adımla tanıyırlar. Akupunktur, iynə ilə müalicə biz türklərdən gəlib. Bu gün çinlilər ona sahib çıxır. Biz böyük zəngin mədəniyyəti təmsil edirik bu mədəniyyət yaşamalı, bilməyənlərə tanıtmalıyıq. Bildiyiniz kimi, Avropanın ən hündür dağı Alp dağlarıdır. Avropada isə Alp adı yoxdur, bu tam türk sözüdür yüksək deməkdir. Göründüyü kimi, dünya coğrafiyasının hər tərəfində olan böyük türk millətiyik. Moskvada at araba küçəsi, indi Arbat küçəsi türklər tərəfindən qurulub. Qurduğum vəqflərdə əsas məqsədimiz bütün bunları araşdırmaqdır. Sevindirici haldır ki, artıq istiqamətdə işlər görülür. Məsələn, türk dünyasının mahnı müsabiqəsiTürkvizyondaha uğurlu bir hala gəldi daha da yaxşı olacaq. TÜRKSOY bu istiqamətdə böyük işlər görür.

Türk dünyası rəssamlarını, sənətkarlarını, ədəbiyyatçıları, həkimləri bir araya gətirib birliklər qurmaq lazımdır. Bunlar olarsa, türk dünyası daha da güclənər, bir araya gələr.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 13.