Ağcabədidə Milli Qəhrəmanın xatirəsi anılıb

 

Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Müdafiə Nazirliyi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qızıl ulduzlu qəhrəmanlarımız” silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin anım mərasimi keçirilib.

 

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla QurbaniXalq artisti Pərvanə Qurbanovanın aparıcılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edilib. Bildirilib ki, Abdullayev Namiq Vahid oğlu 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib.

1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

Tədbirdə Namiq Abdullayevin ailəsinə “Fədai” medalı təqdim edilib. Avşar kənd orta məktəbinin direktoru Kərim Ələkbərov və rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Qarabağ Muğam Mərkəzi tələbələrinin və Əməkdar artist Sevinc Sarıyevanın ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənib, ədəbi-musiqili kompozisiya təqdim edilib.

“Qızıl ulduzlu qəhrəmanlarımız” silsiləsindən tədbirlər digər şəhər və rayonlarda da davam edəcək.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 10.