Konqreslər Bürosu bu il ilk təlimini keçirib

 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2016-cı ildə də öz tərəfdaşları üçün təlimlər təşkil etməkdə davam edir.

Əsas məqsədi Azərbaycanda beynəlxalq tədbirlərin təşkilinə çalışmaq və ölkəmizi işgüzar görüşlər məkanı kimi tanıtmaq olan qurum bu il üçün nəzərdə tutulan ilk təlimini fevralın 9-da “JW Marriott Absheron Baku” mehmanxanasında təşkil edib.

Büronun icraçı direktoru Florian Sengstschmidin başçılığı ilə keçirilən təlimdə qurumun üzvü olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq nümayəndəsi iştirak edib.

“Müvəffəqiyyətli biznes təklifinin hazırlanması” mövzulu təlimdə biznes təkliflərin əhəmiyyəti, təkliflərin planlaşdırılması müzakirə olunub. Təlim zamanı iştirakçılarla birgə interaktiv ünsiyyət qurulub, uğurlu biznes təklifləri hazırlanmasında yaxşı təcrübələr nəzərdən keçirilib.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 9.