Sabah” qəzeti Azərbaycandan üzr istəyib

 

Türkiyənin “Sabah” qəzetinin 6 fevral tarixli sayında İstanbulda keçirilmiş Dünya Turizm Forumu (4-6 fevral) haqqında dərc olunmuş məqalədə yer alan Azərbaycan xəritəsində kobud yanlışlığa yol verilmiş, Dağlıq Qarabağ və ətraf bölgələr Azərbaycan ərazisi kimi xəritədə göstərilməmişdi. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəzetə etiraz məktubu göndərilmişdi. Həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərilmiş, Azərbaycanın Xarici İşlər Nazirliyi və Türkiyədəki səfirliyimiz də iradını bildirmişdi.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs QarayevSabah” qəzetinin üzrxahlıq bildirdiyini və həmin fotonun qəzetin sayından çıxarıldığını deyib.

Qeyd edək ki, bu barədə qəzetdə düzəliş və üzrxahlıq mətni dərc edilib. Yazıda bildirilir ki, fevralın 6-da qəzetdə dərc olunan xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib. “Xəbəri düzəldirik və üzr istəyirik”, - deyə mətndə bildirilir.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 5.