Gələcəyə bir məktub yazdım, ilmə-ilmə...

 

Fevralın 12-də Azərbaycan Xalça Muzeyində «Kitabi-Dədə Qorqud: 12 boy -12 xalça» adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru vəzifəsini icra edən Mira Məmmədxanova açdı.

 

Bildirdi ki, tədbir «Kitabi-Dədə Qorqud» eposunun şərqşünas alim Henrix Fridrix fon Dits tərəfindən alman dilinə tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi ilə bağlı ölkə Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamına əsasən keçirilir. Qədim söz abidəmiz olan «Kitabi-Dədə Qorqud» dastanında xalı-xalça xüsusi bir atribut, maddi imkan, mənəvi zənginlik göstəricisi kimi təqdim və təsvir edilir. Rəssamlar, təsviri sənət tədqiqatçıları isə bizim milli xalça naxışlarını daha çox simvolik məktub, rəmzi ismarış kimi qiymətləndirirlər.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev tədbirin əhəmiyyətindən, “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının tarixində və ədəbiyyatında yerindən danışdı. Qeyd etdi ki, “Kitabi-Dədə Qorqudla bağlı müxtəlif məzmunlu tədbirlər mütəmadi olaraq təşkil olunmalıdır.

Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, Əməkdar rəssam Aydın Rəcəbov Azərbaycan rəssamlarının «Kitabi-Dədə Qorqud» motivləri əsasında müxtəlif əsərlər işlədiklərini diqqətə çatdırdı. Bildirdi ki, xalçaçı rəssamlarımız da bu mövzuya xüsusi maraq göstərirlər.

Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov isə «Kitabi-Dədə Qorqud» eposundan konkret misallar çəkməklə Azərbaycan xalçalarındakı naxışların bəzi sirlərini açdı.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murad Karaçanta eposu bütün türk dünyasının önəmli abidəsi kimi qiymətləndirdi.

Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov eposla bağlı araşdırmalarına görə Azərbaycan Xalça Muzeyinin bu təşəbbüsünü yüksək qiymətləndirərək, muzeyə fondun «Dədə Qorqud mükafatı”nı təqdim etdi.

Tədbirdə muzeydə qorunan, «Kitabi-Dədə Qorqud» eposunun on iki boyundakı əhvalatlara çox uyğun gələn qədim xalçalarla yanaşı, muzeyin nəzdindəki uşaq muzeyində çalışan balaca rəssamların, eləcə də Dədə Qorqud Milli Fondunun gənc rəssamlar qrupunun rəsm nümunələri də sərgilənirdi.

Təqdim olunan musiqili-ədəbi kompozisiya, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdindəki qədim musiqi alətləri ansamblının çıxışı tədbirə xüsusi rəng qatdı.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 8.