Türk dünyası çağdaş klassik musiqi konserti

 

Ölkəmizi məşhur balaban ifaçısı Əlixan Səmədov təmsil edib

 

Fevralın 13-də Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə Jambıl Qazax Dövlət Filarmoniyasında “Türk dünyası çağdaş klassik musiqi konserti” adlı tədbir keçirilib. Konsertdə türk ölkələrindən solo musiqi ifaçıları iştirak ediblər. Azərbaycanı tədbirdə Türkiyədə yaşayan məşhur balaban ifaçısı Əlixan Səmədov təmsil edib. Musiqiçinin qəzetimizə verdiyi məlumata görə, konsertdə Türkiyədən Əhməd Baran, Özbəkistandan Rövşən Yunusov, Qaqauz elindən İqor Pidqirnı, Saxa-Yakutiyadan Yuliyana Krivoşapkina, Qazaxıstandan Bereke Enkebayeva, Alina Matayeva, Əzizə Əbdürəhimova və başqaları çıxış ediblər.

Konsertin bədii rəhbəri və baş dirijoru Qazaxıstanın Əməkdar incəsənət xadimi Kanat Əhmədov olub.

Sonda musiqiçilərə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən diplomlar verilib.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 8.