«Qaçaq qocalar» getdilər, oynadılar, gəldilər

 

Azərbaycan Teatr Xadimləri İttifaqının «Rejissor laboratoriyası»nda Xalq artisti Cənnət Səlimovanın rəhbərliyi altında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşası Türkiyəyə qastrol səfərindən qayıdıb.

 

«Qaçaq qocalar» Türkiyənin Bursa vilayətinin Bozüyük şəhərində keçirilən «Beynəlxalq Metristepe Teatr Günləri» festivalında və Antalya Böyükşəhər Teatrının “Qonaq teatr” layihəsi çərçivəsində oynanılıb.

Tamaşanın heyəti bununla bağlı Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) mətbuat konfransı keçirdi. Öyrəndik ki, səhnə əsərinin rejissoru və ifaçılardan biri, Əməkdar artist Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva, Kərəm Hadızadə və Bəhruz Vaqifoğlu, işıqçı və quraşdırıcı Zaur Abbasov, səs operatoru Nazim Kərimli Xalq artisti, ATXİ İdarə Heyətinin katibi Hacı İsmayılovun rəhbərliyi ilə qardaş ölkədə olublar.

On gün davam edən səfərdə tamaşa 6 dəfə nümayiş etdirilib. Hazırda kəskin qaçqın problemi ilə qarşılaşmış Türkiyədə əsərin mövzusu, erməni təcavüzü nəticəsində doğma yurdundan didərgin düşmüş iki ahıl insanın yurda xəlvəti dönüşündən bəhs edən əhvalat tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Festival çərçivəsində Bursa vilayətinin Bozüyük şəhərində, Uğur Mumçu adına Mudanya Mədəniyyət Mərkəzində və Barış Manço adına Mədəniyyət Mərkəzində çıxış etdikdən sonra heyət Antalyada üç gün bu tamaşanı göstərib.

Mətbuat konfransında bir məqam da diqqətimizi çəkdi. Türkiyəyə səfərin bütün əhəmiyyətli məqamları videolentə alınmışdı. Bu kadrları Hacı İsmayılovun əsl reportyor kimi aeroportda, çıxış edəcəkləri teatrların qarşısında, foyesində səfər barədə söylədikləri, hər tamaşadan öncə səhnəyə çıxaraq Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən şeir parçaları ilə tamaşaçıları salamlaması, səfər haqqında təəssüratı tamamlayırdı.

Yaradıcı heyətin üzvləri səfərin təşkilinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 7.