Qəribə təzahürlər sərgisi

 

Fevralın 12-də İçərişəhərdəki YAY qalereyasında abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınan rəssam Rəşad Ələkbərovun “Yox yerdən təzahür etmiş” adlı fərdi sərgisi açıldı.

Sərgini Azərbaycan tamaşaçıları üçün yeni saymalıyıq. Burada ənənəvi rəsm sərgilərinə hansısa bənzərlik yoxdur. Qalereyanın birinci qatında elə bil yuyulub ipdən asılmış cürbəcür, çoxlu paltarlar yer alır. Onlara baxmaqla nəsə anlamaq olmur. Ona görə ki, məqsəd işıq şüası altında asılmış paltarların divarda yaratdığı kölgələrdir. Bunlar isə adi kölgələr deyil, əməlli-başlı sözlər, cümlələrdir. Bu da tamaşaçıda rəssamın xəyal dünyasının genişliyi haqqında təəssürat yaradır.

İkinci qatda rəssamın metal işləmələri nümayiş etdirilir. Onlar bir-birinə qaynaq edilmiş çarpaz dəmir çubuqlardan başqa bir şey deyil. Amma həmin dəmir çubuq topasına hansısa bucaq altında salınan işıqla nəticəni (cümlələri) divarda görə bilirik. Bundan başqa rəssam divarlara flamasterlə yazdığı müxtəlif fikirlərini tamaşaçılara əsər olaraq təqdim edir.

Bu sərgini rəssamın dünyada baş verənlərə cavab reaksiyası da adlandırmaq olar. Müəllif XXI əsrdə bəşəriyyəti informasiya burulğanında boğulmuş duruma salan inkişafı təhlil etməyə cəhd göstərir.

Bildirək ki, Rəşad Ələkbərov 1979-cu ildə Bakıda anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Rəssamın yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art, memarlıq dizaynı daxildir. Onun konseptual incəsənətdə istiqaməti kölgələrlə instalyasiyalardır. Əsərləri Azərbaycan, Türkiyə, İtaliyaRusiyada şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın qeyri-adi instalyasiyaları birdən-birə dərk edilməyə, duyulmağa deyil, “sirli”, dərin qavrayışa hesablanıb. Sərgi martın 31-dək davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 7.