Bir şair ki -

 

bu dünyanın özəl gözəlliklərinə “Belə ola həmişə” demiş...

 

Bir şair ki” sözlərini yazdığım anda, öz-özümə; “mahnıya çevrilmiş bu misranın müəllifini kim tanımır ki?” - fikirləşdim. “Övladlarına Məcnun-Atalıq etmiş bu insanın ölümünə qızı Ülkər Leyli fədakarlığı etmiş” - dedim. “Yaşadığı dövrə xeyli müxalif şeirlərilə sadiq vətəndaş, nəğmə-nəqarət misralarıyla Aşıq Cünuna, can-cüssəsilə Qoç Koroğluya tay olmuş” - düşündüm...

 

Gəncliyində - yəni “poeziya köhləni”nə süvar olanadək həyat yüyənini tamamilə tale ümidinə buraxanlardan olub Əliağa Kürçaylı.

Lap yaxın gələcəkdə - erkən-ərgənliyindən etibarən bəlli ad-san qazanası bu şair doqquzuncu sinifdən orta məktəbi buraxıb, Salyanda fəhlə və mühasib işləyib. Onda hələ müharibənin qurtarmasına bir ildən çox qalırmış və bir neçə ay da Salyan Dram Teatrında baş mühasib işləyən Əliağanın qəlbində, bəlkə də, gələcəkdə yazacağı gözəl bir misranın inkarı da səslənirmiş: “Belə olmaya həmişə!..”

Bu ehtimaldan keçək həyati faktpoetik taktlara.

 

İlk şeir və...

 

Bu barədə yazımın sonunda - şairin həyat yoldaşının xatirələrindən daha ətraflı tanış olacaqsız. İndiliksə deyim ki, iyirmi yaşlarınadək “hesab-çötkə” işlərilə məşğul olmuş bu oğlan tezliklə poeziya aləminə qədəm basır. “Sənin gözlərin” adlı ilk addımı uğurlu olur. Nəinki mühasib, hətta hələ yaşının 18 olduğundan belə xəbərsiz olan oxucular arasında bu imzanı səbirsizliklə gözləyib, bu barədə redaksiyaya “hörmətli məktub” yazanlar da olur. Paytaxtda onun sözünə, rayonda özünə münasibət dəyişir. Onu Salyan radio qovşağına redaktor təyin edir, gənc yazıçıların I respublika müşavirəsinə nümayəndə seçirlər. Dolanışıq üçün yarımçıq buraxdığı orta təhsili Bakıda fəhlə-gənclər orta məktəbində tamama yetirib, ADU-nun filologiya fakültəsinə daxil olur. Fitri istedadını duyanlar onu Moskvaya - Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər (nə üçün həmin təhsil ocağını buraxıb, yenidən ADU-ya qayıtması, vəd etdiyim “xatirə”dən bəlli olacaq). SonralarKommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində şöbə müdiri, “Azərbaycan” jurnalında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Yazıçılar İttifaqında dramaturgiya bölməsinin rəhbəri və “Yazıçı” nəşriyyatında - 1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor...

Ömrünün axırınadək” ifadələrinə - “1980-ci il 11 fevral” tarixçəsinə tək elə söz kimi yox, 52 köz kimi də baxmalı. Nədən ki, bu şairin yarımca əsrdən ikicə il çox sürən ömürlüyündə yazdıqları göstərir ki, yaşasaydı, daha çox mətləbləri görüb-götürüb, oxucusuna bəyan edəcəkmiş. Məsələn;

 

Baxdım Britaniya muzeylərinə,

Dünyaya bəllidir adı, şöhrəti.

Sanırdım gələcək gözüm önünə

İngilis xalqının milli sərvəti...

 

Mən elə bilirdim...

Heyhat!

Elə bil,

Bura ya Misirdir, ya Yunanıstan.

Elə bil, ingilis torpağı deyil,

Bura ya İrandır, ya da Hindistan!

 

Arabir Londona gəlir yunanlar,

Qədim Parfenonu görsünlər deyə.

Heyrət!

Bilet alıb baxırlar onlar

Özləri yaradan bu abidəyə.

Dayan, hansı xalqdır bunları satan,

Pula dəyişdirən öz şöhrətini?

Varsa, o xalq deyil, sürüdür, inan,

Tərk etsin o, insan cəmiyyətini!..

 

Şəhla xanımın geniş, böyük səmimiyyət sədaqət dolu xatirələrindən -

 

Fraqmentlər

 

Taleyimizdə çox bənzərlik vardı ki, biri təvəllüd tariximizlə bağlı; özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib, atası isə oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdümsə, 1930-cu il əvəzinə, atam Cabbar Qaryağdıoğlunun istəyilə iki il qabağa yazılıb. Beləcə, biz - həyat yoldaşım Əliağa Kürçaylı ilə yaşıd olmuşuq.

Biz Böyük Vətən müharibəsi dövrünün uşaqlarıydıq bu dünyanın hər dərd-səri hər ikimizə tanış idi. O, kiçik yaşlarından ata həsrətlisiydi; uşaqlıqdan evləri başıpapaqlısız qalmışdı bu evin böyük oğlu olan Əliağa elə uşaqlıqdan işləyib, evə qazanc gətirməli olmuşdu. Mənim atam isə müharibə illərində ərzaqla xüsusi təmin olunan sənətkarlardan idi.

Tale belə gətirir ki, ƏliağanınAzərbaycan gəncləriqəzetində çıxan ilk şeiri (“Sənin gözlərin”) böyük şairimiz S.Vurğunun diqqətini çəkir, onu Bakıya çağırtdırır, ədəbi yığıncaqda bu gəncə söz verir. ƏliağanınDanışım, ya şeir oxuyum?” sualından çox xoşlanan şairHarda oxuyursan?” sualınaOxumuram, dəmir yolunda fəhlə işləyirəmcavabını alıb, “Gəl, səni düzəldək universitetə”, - deyəndə, o, başını aşağı salıb, kədərlə dillənir: “Götürməzlər, kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm... - Onda gəl Bakıya, burda onuncu sinfi bitir, sonra universitetə daxil olarsan”.

...Sən demə, o an tale Əliağaya (“S.Vurğun səbəbilə”) tək elə oxumaqçün yox, ömür-gün yoldaşı Şəhla xanımla qovuşmagöndəriş”i yazırmış...

Əliağa bizim məktəbə gələndə dərslər çoxdan başlanmışdı. Bir gün sinifdə yer çatışmadığından, partalarda üç-üç oturmuşduq. Mənim bütün diqqətim müəllimdə ikən, parta yoldaşım dirsəyilə qoluma toxundu: “Şəhla, gör, birinci sıradakı o oğlan sənə necə baxır!”

Baxışlarımız qarşılaşanda, o özünü saxlaya bilməyib yıxıldı müəllim çevrilib baxanadək cəld qalxıb yerində oturdu. Müəllimin: “O gurultu idi elə?” sualı hamının ona baxmasından çox pərt oldu”.

günlər keçir, Şəhla xanım onun məktublarını gah cırıb atır, gah oğrun-aşkar baxışlarına, müraciətlərinə əhəmiyyət vermir bütün bunlar odlu Əliağanı - gənc şairi daha da alovlandırır. Onlar ADU-ya (BDU) qəbul olunub, üz-gözləri bir-birinə təzəcə öyrəşirmiş ki, Əliağanı Yazıçılar İttifaqına çağırıb deyirlər: “Səni Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna göndəririk”...

O, Moskvadan Bakıya neçə-neçə məktub yazır... “bu dünyanın birincisi Şəhla”dan isə bircə cavabsa da gəlmir ki gəlmir...

Nəhayət, öz imtahanlarınıeksterniverib, Bakıya özü gələn Şəhlanı imtahan sessiyasında haxlayan Əliağa bir daha Moskvaya qayıtmır. Girir rektorun qəbuluna, deyir, “Moskva çox soyuqdur, tez-tez xəstələnirəm, təhsilimi burda davam etdirmək istəyirəm bu gələcək cütlük yenidən bir qrupda oxumağa başlayır...

Mühazirələri rahat eşidib-yazmaq üçün lap qabaq sırada oturar heç kim mənim yanımda əyləşməzdi. Tələbə yoldaşlarım belə edirdilər ki, “ən çox dərs buraxan şairgələndə mənim yanımda boş yer görüb, otursun...

1951-ci ildi mən kitabxanadayam. Qəflətən Əliağa içəri girdi, icazə istəyib, yanımda əyləşdi ehtiyatla dedi:

- Bir söz deyəcəm, amma durub qaçma.

- Qaçmaram, de.

- Bu gün sizə elçi yollamaq istəyirəm...

- Mənə var? Özün öz ixtiyarındasan...

Dərhal durub çıxdı. Demə, elçiləri onu küçədə gözləyirmişlər.

Bakıda kimsəsi yox idi; elçiliyə şairlərdən Adil Babayev, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Qabil öz anasını aparırmış. Onlar məsələni açanda yeznəmlə bacım təəccübləniblər:

- Şəhla uşaqxasiyyətlidir. O bilir sevmək nədir?!

- Bəs deməyib ki, məni bir oğlan istəyir?

- Yox, heç deməyib. Biz bilməliyik, qız razıdır, ya yox?..

Elçilər çıxıb soruşublar ki, Əliağa, qohumları soruşur, qızın xəbəri var?

- Şəhla bilir ki, bu gün evlərinə elçi gələcək, ona görə sizi yollamışam.

Bunu eşidəndə Əliağaya gileyləndim: “Sən məni satmısan ki...”

Təəssüf ki, bu yazıda Şəhla xanımınxatirələr”ində əks olunan sonrakı xeyli rəvan xoş keçən Əliağalı günlərini geniş şəkildə verə bilmirik. Həm , bəzən, elə güclü bədbin mətləblər olur ki, vurub nikbinliklərdən önə keçir...

“...Gün gəldi ki, Əliağa bərk xəstəliyə tutuldu. Uzun çəkən müalicələr bir səmərə vermədi. Bu dünyaya gəldiyi tarixçədə bu dünyadan getdi. Onu dünyalar qədər istəyən qızımız Ülkər isə Əlağanın vəfatından iyirmi dəqiqə sonra özünü dənizə atdı... Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər... Biz onuVağzalısədaları altında gəlin köçürmək arzusundaykən... Bacım oğlu Fuada dedim, musiqiçiləri çağır, tapşır ki, pilləkənlərdən düşəndəVağzalı”, həyətdə isə Əliağanın sevdiyi o musiqini çalsınlar...”

...Gözəl şairimizin həyat yoldaşına məxsus xatirələrin yazının sonluq məqamında yaxşı olmazmı ki, elə onun təsəlli motivli şeirlərindən birini xatırlayaq:

 

Qüssəli çağlarında

Sənin dodaqlarında

Təbəssüm görünübsə,

Gülüşə bürünübsə...

Ümid dumanda, çəndə

Səni atıb gedəndə,

Qəlbinə şölə kimi,

Kiçik bir gilə kimi

Təzə ümid dolubsa,

Belə günün olubsa,

Demək, hələ mən varam!

 

Qış şaxtadan qılıncı,

Çiynində yapıncı

Əlini kəsən zaman,

Sərt yellər əsən zaman

Bir çiçək görmüsənsə,

Əyilib dərmisənsə,

Demək, hələ mən varam!..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 13.