Ay dövriyyələri” - ABŞ teatrı və ADMİU tələbələrinin səhnə layihəsi

 

Fevralın 15-də YARAT Müasir İncəsənət Mərkəzində “FreeStyle” layihəsi çərçivəsində ABŞ-ın “Bond Street” teatrı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə tamaşa təqdim edib.

Sülh naminə icma dramı” proqramı üzrə hazırlanmış “Ay dövriyyələri” adlı tamaşanın premyerasında ABŞ səfirliyinin nümayəndələri, ADMİU-nun professor-müəllim heyəti, tələbələri və eləcə də teatrsevərlər iştirak edib. Nümayişdən sonra təşkilatçı və çıxışçılara suallar verilib, tamaşaçılar təəssüratları ilə bölüşüblər.

FreeStyle - gənc, istedadlı aktyor, müğənni və rəqqaslara özlərini ifadə etmələri və yaradıcı eksperimentlər aparmaları üçün meydança təqdim etmək məramı ilə həyata keçirilən proqramdır. ABŞ-ın teatr qrupunun üzvləri Azərbaycanda ilk dəfə bu proqram üzrə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün treninqlər keçiblər.

Proqramın 1-ci mərhələsində 25 nəfər tələbə üçün sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən əməkdaşlıq və komandanın qurulması, təxəyyülün stimullaşdırılması, əhvalatların danışılması və həyatdan götürülən ssenarilərin qurulması və s. barədə təlimlər keçirilib. 2-ci mərhələdə 25 nəfər arasından 8 tələbə seçilərək “Sosial Teatr” konsepsiyasını əks etdirən mobil şou xarakterli tamaşa hazırlanıb. Proqramın 3-cü mərhələsində isə “Ay dövriyyələri” tamaşası Sumqayıt, Şəki, Zaqatala, Gəncə və Bərdədə ictimaiyyət üçün nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 7.