Kino rəssamının 70 illik yubileyi qeyd olunub

 

Fevralın 18-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino rəssamlığının istedadlı nümayəndəsi, sənətdə özünəməxsus dəst-xətti ilə seçilən, rəssam Fikrət Ələkbərovun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Yubilyarı təbrik edən kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, Fikrət Ələkbərov 1974-cü ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Tütək səsi” filmində rəssam assistenti kimi çalışıb. 1976-cı ildən dekor rəssamı kimi “Dərviş Parisi partladır”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Yol əhvalatı”, “Papaq”, “Qara gölün cəngavərləri”, “Köhnə bərə”, “Özgə həyat” və s. filmlərdə özünü yüksək bədii zövqə malik bir rəssam kimi göstərib.

1988-ci ildən quruluşçu rəssam kimi çalışdığı “Gənc qadın üçün kişi”, “Girişmə, öldürər”, “Niyyət”, “Əlavə təsir”, “Dərs” və digər bədii filmlər onun yaradıcılıq potensialının yeni üfüqlərini nümayiş etdirir. Bu filmlərin bir çoxunda həm ənənəyə tapınma, həm də zəngin irsimizə müasir yaradıcı münasibət üzvi şəkildə birləşir. Sənətkarın keçdiyi bu məhsuldar yaradıcılıq yolunda uğurları layiqincə qiymətləndirilib və o, 2008-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.

Direktor kinostudiyanın kollektivi adından yubilyara cansağlığı, kinomuzun inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayıb.

Fikrət Ələkbərov ona göstərilən diqqət və qayğıya görə çalışdığı kollektivin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 5.