Məktəblinin musiqi elektron kitabxanası

 

Layihə ölkəmizdə açıq musiqi təhsilinin meydana gəlməsini şərtləndirəcək

 

Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə “Məktəblinin musiqi elektron kitabxanası”nın təqdimatı keçirildi.

 

Tədbiri giriş sözü ilə açan sənətşünaslıq doktoru, professor, “Musiqi dünyası” beynəlxalq elmi jurnalının baş redaktoru Tariyel Məmmədov layihə barədə məlumat verdi. Bildirdi ki, UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə “Musiqi dünyası” jurnalının mütəxəssisləri tərəfindən ölkəmizdə ilk dəfə olaraq musiqi və ümumtəhsil məktəbləri üçün “Məktəblinin musiqi elektron kitabxanası” hazırlanıb.

Elektron kitabxana informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə edilməklə multimedia formatında ərsəyə gəlib. Audioteka, foto və s. resursları olan sistem elektron sənədləri rahat, anlaşıqlı şəkildə, qlobal məlumat ötürmə şəbəkələri vasitəsilə qayğı ilə qorumağa və effektli istifadə etməyə imkan verir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli layihənin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, “Məktəblinin musiqi elektron kitabxanası” musiqi didaktikasının proqressiv metodunun işlənilməsindən ibarətdir. Bu da arxiv materialı kolleksiyasının bilavasitə real zamanda səsləndirilərək öyrənilməsinə, materialların fraqmentinin orfoqrafik not yazısı ilə birlikdə şəbəkə oxucusuna təqdim olunmasına imkan verir.

Görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev belə layihənin respublikamızda həyata keçirilməsini Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm amil kimi qiymətləndirdi, onun hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev qeyd etdi ki, virtual kitabxana tədris, bilgi, kumulyativ (toplama), translyasiya (yayılma və gələcək nəsillərə ötürülmə) kimi funksiyalara malik olan sənəd surətlərinin nizamlanmış məcmusudur. Elektron kitabxananın yaradılması sayəsində tədris prosesinin intensivləşməsi və qavrama fəaliyyətinin aktivləşməsi Azərbaycanda musiqi təhsilinin yeni növünün - açıq musiqi təhsilinin meydana gəlməsini şərtləndirəcək. Bu da vahid informasiya-təhsil məkanının inteqral forması ilə bağlıdır. Eyni zamanda ölkənin daxilində, həm də onun hüdudlarından kənarda musiqi təhsilinin geniş miqyasda yayılmasına xidmət edəcək.

Diqqətə çatdırıldı ki, hazırda “Məktəblinin musiqi elektron kitabxanası” sistemində Azərbaycan və dünya bəstəkarlarının 2563 musiqi əsəri yer alıb. Kitabxananın martın 20-dək fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 19  fevral.- S. 5.