Ana dilimiz milli sərvətimizdir

 

Abdulla Şaiqin mənzil-muzeyində tədbir

 

Fevralın 18-də Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq - 135: ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirildi. Tədbirdə Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin və Abdulla Şaiq adına 54 saylı orta məktəbin şagirdləri iştirak edirdi.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə tədbiri açaraq bildirdi ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Fevralın 24-ü isə görkəmli şair, yazıçı, maarifpərvər Abdulla Şaiqin (1881-1959) doğum günüdür. Abdulla Şaiq ömrü boyu ana dilimizin qorunması, saflığı uğrunda çalışıb: “Ona görə də bu iki əlamətdar tarixin eyni gündə qeyd edilməsinə qərar verdik. Ötən yüzilliyin əvvəllərində orta məktəblərdə dərslər əsasən rus dilində keçirilərkən o, Azərbaycan dilində dərsliklər yazıb. Məktəblərdə dərslərin Azərbaycan dilində tədris olunması üçün böyük səy göstərib. Məqsədimiz Abdulla Şaiq yaradıcılığını uşaqlara daha geniş tanıtmaq, ədibin uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır”.

Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı qeyd etdi ki, dil milli irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır: “Təmsil etdiyim birliyin kollektivibunu əsas tutaraq uşaq bağçalarında, məktəblərdə olur, Azərbaycan dilinin zənginliyini təbliğ edir”.

54 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə Hüseynova "Abdulla Şaiqana dilimiz" mövzusunda çıxış etdi. Çıxışlardan sonra məktəbin şagirdləri ədibin “Yaxşı arxa” mənzum nağılı əsasında hazırladıqları səhnəciyi təqdim etdilər. ŞairinTop oyunu”, “Bənövşə”, “Qərənfil” və “Bülbül” adlı uşaq şeirləri səsləndirildi.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Yasamal rayonu 27 saylı uşaq bağçasının fidanlarının A.Şaiqin əsərlərinə çəkdikləri illüstrasiyalardan ibarət sərgiyə baxdılar.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 3.