Belçikada Xurşudbanu Natəvanın heykəli ucaldılıb

 

Fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov qeyd edib ki, layihənin reallaşması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Bildirilib ki, XIX əsrdə yaşamış Xurşudbanu Natəvanın şeirlərinin əsas mövzusu humanizm, xeyirxahlıq, dostluqsevgi olub. Vaterloda Azərbaycan şairəsi və mütəfəkkiri Xurşudbanu Natəvanın heykəlinin açılışını etmək rəmzi bir hadisədir. Bu əlamətdar hadisə Azərbaycanla Belçika arasında humanitar əlaqələrdə yeni bir səhifədir.

Vaterlo şəhərinin meri Floran Röter çıxışında Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə edib və şəhərdə Xurşudbanu Natəvanın abidəsinin ucaldılmasını yüksək qiymətləndirib.

Vurğulanıb ki, Xurşudbanu Natəvanın heykəlinin Avropanın tarixində xüsusi rol oynamış, hazırda Belçikanın turizm şəhərlərindən olan Vaterlo şəhər parkında qoyulması Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Şuşada anadan olan Xurşudbanu Natəvanın Belçikada ucaldılmış heykəli həmçinin Qarabağ xanlığının tarixini özündə təcəssüm etdirir. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşudbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Qarabağla bağlı qeydi əks etdirən abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.

Qeyd edək ki, heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 2.