İsa Məmmədovun nadir mənzərə sərgisi

 

Fevralın 18-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Dövlət Rəssamlıq Akademiyasının müəllimi, tanınmış mənzərə ustası İsa Məmmədovun 60 illik yubileyi münasibətilə fərdi sərgisinin açılışı olub.

 

İttifaqın katibi, Xalq rəssamı Ağəli İbrahimov yubilyarın yaradıcılığı haqqında bilgi verib. Bildirib ki, rəssamın impressionizm üslubunda yaratdığı əsərlər mənzərə janrının bənzərsiz nümunələridir.

Xalq rəssamı Səlhab Məmmədov da həmkarının yaradıcılıq xüsusiyyətlərindən söz açıb, onun tamaşaçılara təqdim etdiyi əsərlərini yüksək dəyərləndirib.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və digər çıxış edənlər sərginin sənətsevərlərə gözəl hədiyyə olduğunu vurğulayıblar. Bildirilib ki, İ.Məmmədovun əsərləri impressionizmin görkəmli nümayəndələrinin əsərlərindən geri qalmır, həmin cərəyanın yeni səviyyədə inkişafını təsdiq edir.

ARİ-nin katibi Rafiq Kərimov qurumun sədri, Xalq rəssamı Fərhad Xəlilovun yubilyara ünvanlandığı təbrik məktubunu oxuyub, ona diplom təqdim edib.

Rəssam İ.Məmmədov sərgiyə gələnlərə və təşkilatçılara minnətdarlığını bildirib.

Sonra açılışı bildirən rəmzi lent kəsilib, iştirakçılar bir-birindən gözəl mənzərə rəsmləri ilə tanış olublar. Əsərlərin hər biri insanda xoş duyğular yaradır, dərindən həyəcanlandırır. Bunun başlıca səbəbi rəssam İ.Məmmədovun özünəməxsus texnikasının olmasıdır. İmpressionizm üslubu dünyada çox yayğındır, bu günonun görkəmli nümayəndələri var. Şübhəsiz ki, onlardan biribizim soydaşımızdır.

Bu, İ.Məmmədovun Rəssamlar İttifaqında ikinci sərgisidir. Rəssam sənətsevərlərə 56 əsərini təqdim edir. Onun Almaniya və Türkiyədə də fərdi sərgiləri keçirilib. Sərgi bir həftə davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 2.