Muğamın o taydakı Xanı

Cənubi Azərbaycanda vokal musiqisinin inkişafında və sevilməsində Əbülhəsən xan İqbalın xüsusi xidmətləri olub. Onun sənət şöhrəti Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrə də yayılmışdı.

 

Əbülhəsən xan İqbal 1871-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Atası Molla Musa dövrünün tanınmış alimlərindən olub. Əbülhəsən yeddi yaşında ikən atası vəfat edir, ailələri Qəzvinə köçür. O, ilk musiqi təhsilini məşhur musiqişünas Hacı Molla Kərimdən alır. Müəllimi Əbülhəsənin ecazkar səsini, istedadını yüksək qiymətləndirir, get-gedə xalq arasında tanınır. Bir neçə dəfə Təbrizə gəlir, burada da şöhrət qazanır. Vəliəhd Məhəmmədəli Mirzə onu saraya dəvət edir. Bir müddət sarayda qalır və Müzəffərəddin şahın vəfatından (1906) sonra vəliəhdlə birlikdə Tehrana gedir.

1914-cü ilin martında Əbülhəsən xan Avropa ölkələrinə qastrola çıxır. Əvvəlcə Tiflisə gəlir. Gəlişindən əvvəl şəhərin görkəmli yerlərində elanlar asılır, qəzetlərdə məlumat dərc olunur. Əbülhəsən xanın məşhur sənətkarlar - xanəndə Tahirzadə, tarzən Dərviş xan, kamançaçı Bağır xan və zərbçalan Abdulla xanın iştirakı ilə konserti böyük müvəffəqiyyətlə keçir. Dövrün məşhur jurnalisti Eynəli bəy Sultanov “Şərq konserti” adlı məqaləsində bu barədə yazır: “Tamaşaçıların arasında Şərq musiqisinin mahir biliciləri və tələbkar pərəstişkarları var idi. Geniş tamaşaçı kütləsi qarşısında ilk dəfə çıxış edən xanəndə klassik İran mahnılarının bir neçəsini ifa etdi. Əbülhəsən xan nə qədər ucadan oxusa, nə qədər çətin zəngulə vursa da, onun səsi bütün mərhələlərdə təmiz və ahəngdardır”.

O zaman Tiflisdə yaşayan məşhur müğənni Seyid Şuşinski Əbülhəsən xanın konsertlərində yaxından iştirak edir. Xalq artisti Mustafa Mərdanov xatirələrində yazır: “Şərqin məşhur xanəndələrindən sayılan Əbülhəsən xan öz dəstəsilə Tiflisə konsert verməyə gələndə, birinci növbədə Seyid Şuşinskinin görüşünə getdi. İki sənətkar çox səmimi görüşdülər. Seyid Şuşinski Cənubi Azərbaycandan gəlmiş qonaqlara öz xərci ilə frak tikdirib səhnəyə çıxartdı. Əbülhəsən xan ürəkaçan gözəl bir səslə “Bayatı-Şiraz” və “Rast” dəstgahı oxudu. O, dinləyiciləri valeh etdi. Konsertdə iştirak edən Gürcüstan opera sənətinin banisi Vano Saraçaşvili Əbülhəsən xanın sənətkarlığını yüksək qiymətləndirərək dedi: “Əbülhəsən xanın nəyi Karruzodan əskikdir?” O, səhnəyə çıxıb Əbülhəsən xanı bağrına basıb öpdü”.

Əbülhəsən xan Tiflisdə olarkən tarzən Dərviş xanın müşayiəti ilə bir çox muğam və təsnifləri qrammofon vallarına yazdırır. Bu vallardan birində isə o, Seyid Şuşinskiyə hörmət əlaməti olaraqHumayunoxuyur və valın üstündə “Seyid Şuşinskiyə Əbülhəsən xandan hədiyyə” sözlərini yazdırır.

Əbülhəsən xanı Tiflisdə hörmətlə qarşılayanlardan biri də görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə olub. Seyid Şuşinski xatirələrində yazır: “Cəlil Məmmədquluzadə Əbülhəsən xanı hörmətli bir qonaq kimiMolla Nəsrəddin” jurnalının redaksiyasına dəvət etdi. Böyük qonaqlıq oldu. Ziyafətdə Əbülhəsən xanın xahişi ilə mən də oxudum. Axırda İqbal-Soltan (Əbülhəsən xan) elə birKürdü-Şahnazoxudu ki, aldığım təəssüratdan səhərəcən yata bilmədim”.

Xalq şairi Süleyman Rüstəm “Yenə canlandı əski xatirələr...” sərlövhəli məqaləsində Əbülhəsən xan İqbalın xanəndəlik sənətindən məhəbbətlə söz açır. Görkəmli sənətkarla 1942-ci ildə Təbrizdə görüşdüyünü xatırlayır:

“Azərbaycanın incəsənət ustaları - Bülbül, Həqiqət Rzayeva, Əlövsət Sadıqov, Yavər Kələntərli və b. Təbriz şəhərinə dostluq görüşünə gəlmişdilər. Görüş şəhər məktəblərindən birində keçirilirdi. İlk olaraq Bülbül oxudu. Sonda görüşü idarə edən cavan, təbrizlilər adından Əbülhəsən xan İqbalın çıxış edəcəyini elan etdi. Bu vaxt Bülbül iki əli ilə üzünü tutdudedi:

- Ay Süleyman, mən etdim. Heç bilirsən Əbülhəsən xan kimdir?

- Xeyr, bilmirəm.

- Şərqin dahi xanəndəsidir. Mən gərək məclisdə mahnı yox, bir dəstgah oxuyaydım.

...Salon alqışdan titrədi. O, S.Ə.ŞirvanininZülfünü bas yarama, qoyma məni qan aparırrədifli qəzəlini oxudu... Oxuyarkən dodaqları, gözləri, bir sözlə, bütün siması təbəssümə qərq olmuşdu. Sonra gəlib Bülbüllə çox səmimi mehribancasına qucaqlaşıb görüşdü...”

Bir müddət Təbriz şəhərinin meri işləyən Əbülhəsən xan İqbal uzun ömür sürüb 1970-ci ildə, 99 yaşında vəfat edib. Böyük şair Məhəmmədhüseyn Şəhriyar Əbülhəsən xanın ölümündən son dərəcə kədərlənir. Sənətkarın məzarı başında yanıqlı bayatılar söyləyir,

Xəzan gəldi, gül apardı,

Bir şeyda bülbül apardı... - deyə nisgilini dilə gətirir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.-  2016.- 24 fevral.- S. 15.