“Vətənin pərvanəsi”

 

İctimai xadim, yazıçı-publisist Vəli Məmmədovun 85 illiyi qeyd olunub

 

Nəriman Nərimanovun xatirə muzeyində ictimai xadim, yazıçı-publisist Vəli Məmmədovun anadan olmasının 85 illiyinə həsr olunmuş “Vətənin pərvanəsi” mövzusunda tədbir keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Vəli Məmmədovun həyat yolunu və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirdə muzeyin direktoru Kamilə Hüseynova, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, pedaqoji elmlər doktoru Əjdər Ağayev, yubilyarın qardaşı Arif Məmmədov V.Məmmədovun həyat və yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, V.Məmmədov böyük dövlət xadimi N.Nərimanovun ilk tədqiqatçısı olub. Arxivlərdən, dövri mətbuatdan Nərimanovun həyatı və irsinə dair zəngin materiallar toplayıb. İctimai fikrin və Azərbaycan ədəbiyyatının problemləri ilə bağlı bir sıra elmi-kütləvi məqalələrin müəllifi kimi tanınıb.

Vəli Məmmədovun bir sıra rəhbər vəzifələrdə çalışdığını qeyd edən natiqlər onun 1991-ci il noyabrın 20-də erməni silahlılarının Qarakənd üzərində vurduqları vertolyot qəzasında həlak edildiyini, terror qurbanı olduğunu bildiriblər.

Tədbirdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Vəli Məmmədova həsr olunmuş şeirlər və musiqi parçaları təqdim ediblər.

Sonda V.Məmmədovun həyat yoldaşı Xalidə Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 13.