“Rəqslə xalqın mədəni irsini nümayiş etdirmək mümkündür

 

Deyirlər, rəqs ruhun təntənəsidir. Hər rəqsin isə öz gözəlliyi və cazibəsi var. Azərbaycan milli rəqsləri də gözəllik və cazibəni özündə birləşdirərək əsrarəngiz harmoniyası ilə tamaşaçını heyran edir. Milli rəqs sənətimiz zənin inkişaf yolu keçib, şöhrəti dünyanı dolaşıb. Bu gün Bakı Xoreoqrafiya Akademiyası bu sənətin inkişafına mühüm töhfələr verir.

 

Prezident təqaüdçüsü, gənc xoreoqraf Akif Kərimli də rəqs sənətimizin gələcək nəsillərə çatdırılması ilə məşğuldur. Onunla dərs dediyi Xoreoqrafiya Akademiyasında görüşdük. Akif gənc rəqqaslar arasında ilk Prezident təqaüdçüsüdür, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. Hazırda Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya sənəti üzrə təhsil alır və xoreoqraf kimi fəaliyyət göstərir. Bu sənətə gəlməsində isə valideynlərinin və müəllimlərinin mühüm rolu olub.

- Ailəmizdə kimsə rəqs sənəti ilə məşğul olmayıb. Nənəm mədəniyyət evində ansambl rəhbəri idi. Mən də kiçik yaşlarımdan musiqiyə meyl göstərirdim. Beş yaşım olanda adımı “Şərq ulduzları” ansamblına yazdırdılar. Hazırda Xoreoqrafiya Akademiyasının müəllimi olan Xalq artisti Yusif Qasımov orada mənə dərs deyirdi. İlk vaxtlardan mənə solo rəqsləri həvalə edirdi. Sonra onun məsləhəti ilə 2001-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə qəbul olundum. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-da tədbir keçirilirdi. Həmin tədbirdə iştirak edən Dövlət Rəqs Ansamblında mən də təmsil olunurdum. İlk səfərimiz uğurlu oldu. Çıxışımızı ölkəmizin birinci xanımı Mehriban Əliyeva çox bəyənmişdi. Növbəti dəfə ABŞ-da çıxış etdik. Okeanın o tayına “Azərbaycanın xoşməramlı mələkləri” adlı proqramla getmişdik. Bu proqramda heyətə gənc skripkaçılar, xor kapellası, kamera orkestri və 4 rəqqas da daxil edilmişdi ki, onlardan biri də mən idim. Amerikadan Hindistana qədər bir sıra ölkələrdə çıxış etmişəm. Səfərlərimizin əksəriyyəti dövlət əhəmiyyətli tədbirlər, Azərbaycan mədəniyyət günləri ilə bağlı olub. Bundan əlavə, xoreoqrafiya üzrə festival və müsabiqələrə də qatılmışam. 2012-ci ildə Belarusda keçirilən “ qanadlar altındakı torpaq” festivalında 3 nominasiya üzrə Qran-pri qazanmışam.

- Hazırda Xoreoqrafiya Akademiyasında dərs deyirsiniz...

- 2013-cü ildə Xoreoqrafiya Məktəbini fərqlənmə diplomu ilə bitirdim. Rəhbərlik burada qalıb dərs deməyimi təklif etdi. Hazırda xalq səhnə rəqslərindən dərs deyirəm. Bu günə kimi nə qazanmışıqsa müəllimlərimizin sayəsində əldə etmişik. Rəqs sənəti incəsənətin ən çətin sahələrindən biridir. Rəqslə xalqın mədəni irsini nümayiş etdirmək mümkündür. Bu sənətə bağlı insan dayanmadan öz üzərində çalışmalıdır.

- Gənc xoreoqraf kimi klassik rəqs və milli rəqslərimizə münasibətinizi bilmək maraqlı olardı...

- Bu gün professional səhnədən kənarda milli rəqslərimiz yetərincə təbliğ olunmur. Milli rəqs deyiləndə ilk olaraq toyxana haqqında düşünülür. Rəqs sənətimizin banisi mərhum Əlibaba Abdullayev bölgələrimizi qarış-qarış gəzib mərasimlərdə, el şənliklərində ifa edilən rəqsləri toplayıb möhkəm bir baza yaradıb. Buna bir sistem halında ansambllarda quruluş verilirdi. Azərbaycanda rəqs sənətini, milli mədəni dəyərləri qoruyub saxlamaq, onların inkişafını təmin etmək və eyni zamanda gənc nəsillərə ötürmək ilk öncə bu sənətin professional daşıyıcıları, biliciləri olan müəllimlərin, sənətşünasların üzərinə düşən məsuliyyətdir. Yaxşı olardı ki, rəqs sənətinə dair ümumi bir kitab, dərslik yazılsın. Çünki hazırda müraciət edəcəyimiz, əsas mənbə kimi göstərə biləcəyimiz yazılı nümunələr azdır. Məsələn, bu gün kişilərə aid milli geyimlərin üzərində olan müxtəlif aksessuarların mənalarını çoxumuz bilmirik. Bu ondan irəli gəlir ki, rəqs sənətimizin təbliği zəifdir. Milli rəqslərimizdə kişi geyim çuxa, altlıq, arxalıq, papaq, hazırdaş, üç ox kəmər və bıçaqdan ibarətdir. Demək olar ki, bütün Qafqaz xalqlarının milli geyimi olan çuxa başqa dillərdə “çerkezka”, “çoki”, “çukikimi adlanır. Amma bunlar birmənalı olaraqçuxa” sözündən törəyib. “Üç ox kəmər”dən simvolik aksesuar olaraq istifadə olunub. Bu, Oğuz tayfalarının Üç oxlar boyundan gələn bir ənənədir. Bu boyun nüfuzlu sərkərdəsi hər zaman belində üç ox gəzdirərmiş və bununla da onun sərkərdə olduğu bəyan olarmış...

Məsələn, balet fənninin tarixinə dair dərslik var, amma Azərbaycan rəqsinin tarixi ilə bağlı dərslik yoxdur. Bütün bu problemlər haqqında ötən günlərdə Xoreoqrafiya Akademiyasında keçirilən elmi konfransda danışıldı və inanıram ki, bu məsələlər öz həllini tapacaq.

- Yəqin qarşıda yeni səfərləriniz də var?

- Mart ayında Vyanada Novruz bayramı ilə əlaqədar tədbirlərdə iştirakım nəzərdə tutulur. Həmçinin Gürcüstanda keçiriləcək Cənubi Qafqaz Müasir Rəqs Festivalında iştirak etməyi düşünürəm.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 12.