Altaydan Balkana klassik musiqilər

 

Belqradda türk dünyasının incəsənət xadimlərinin konserti keçirilib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un xətti ilə hər il keçirilən müxtəlif layihələrdə azərbaycanlı sənətçilər də uğurla iştirak edirlər. Xəbər verdiyimiz kimi, təşkilat tərəfindən “Türk dünyası müasir klassik musiqisinin şah əsərləri” layihəsi üzrə növbəti konsertlər Balkanlarda təşkil olunub.

 

Altaydan Balkana klassik musiqilər” adlı konsert proqramları “Sarayevo qışı” beynəlxalq musiqi festivalı çərçivəsində fevralın 19-20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda, fevralın 22-də isə Serbiyanın paytaxtı Belqradda təqdim olunub.

Belqraddakı konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və Moldovanın Qaqauz Yeri Muxtar Vilayətini təmsil edən 30 nəfərlik sənətçi qrupunun üzvləri həm öz xalqlarının, həm də digər dünya xalqlarının musiqi əsərlərini ifa ediblər.

Ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının gənc və istedadlı solisti Çinarə Şirinova konsertdə NiyazininArzu” romansını, eləcə də dünya şöhrətli Avropa bəstəkarlarının əsərlərini ifa edib. Həmçinin əslən azərbaycanlı olan tarzən Abdulla Qurbaninin başçılıq etdiyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Musiqi Ansamblının ifasında səslənən musiqi nömrələri Belqradın yerli sakinləri və tədbirin qonaqları, o cümlədən burada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Belqrada səfərləri çərçivəsində incəsənət xadimləri TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa olunmuş Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. D.Kaseinov ulu öndər Heydər Əliyevin sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük liderlərindən biri olduğunu bildirib. Türkiyəli aşıq Kul Nuri Heydər Əliyevə həsr etdiyi şeiri səsləndirib.

 

Mədəniyyət.- 2016.-26 fevral.- S. 10.