Moskvada Azərbaycanın turizm nümayəndəliyinin təqdimatı keçirilib

 

Rusiya paytaxtında ölkəmizin qış turizm imkanları da təqdim edilib

 

Fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı “Balçuq Kempinski” hotelində Azərbaycanın Rusiyada turizm nümayəndəliyi kimi fəaliyyət göstərəcək “Tour a Vent” şirkətinin təqdimatı keçirilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adlandırıb. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun mühüm amili olan turizmin inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın geniş turizm imkanlarından söhbət açan P.Bülbüloğlu turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə çağırıb, tədbir iştirakçılarını ölkəmizə səfərə dəvət edib: “Əminəm ki, Azərbaycandan razı qayıdacaqsınız!”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm sektoru üçün mühüm ölkə olduğunu deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin təxminən 40 faizinin rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Moskvada yeni açılan “Tour A Ventagentliyi bu əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.

Tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Rusiya Turizm Agentlikləri Alyansı” Assosiasiyasının icraçı direktoru Natalya Osipova, Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin və başqaları iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, qədim tarixi, füsunkar təbiəti, mülayim iqlimi və ən başlıcası mehriban insanları olan Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi turistlərin ölkəmizə axınının artmasına zəmin yaradıb.

Tədbir çərçivəsində aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, iyunda təşkil olunacaqFormula 1” yarışması barədə, “ŞahdağTurizm Mərkəzi, ”Jumeirah Bilgah Beachhoteli, “Qafqaz” hotelləri, “Park İnn”, “Naftalan” hotellərinin nümayəndələri təqdimatlar keçirib.

Mərasimdə Azərbaycan Turizm Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC ilə “Rusiya Turizm Agentlikləri Alyansı” Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb, ikitərəfli görüşlər keçirilib.

Tədbirdə keçirilən lotereya oyununda Azərbaycana həftəsonu turlar, tematik turlar, eləcə də “Formula-1” yarışmasının Qran-pri mərhələsinə biletlər qazanılıb.

Qeyd edək ki, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskvada fəaliyyət göstərən “Tur A Vent” şirkəti arasında müqavilə imzalanıb.

Şirkət tərəfindən 2017-ci ilədək marketinq planı hazırlanıb və nazirlik tərəfindən təsdiq edilib.

 

* * *

Fevralın 25-də MoskvadaParlamentskaya qəzeta”nın təşkilatçılığı ilə "Rusiya və MDB ölkələrində qış turizmi; inkişafın perspektivləri" adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini Nikolay Korolev, Rusiya İctimai Palatasının üzvü Sergey Markov, Dövlət Dumasının üzvü Olqa Kazakova, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Tur A Vent” şirkətinin layihə rəhbəri İqor Şaluhov, “ŞahdağTurizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm Kompleksinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, qəzet tərəfindən mütəmadi olaraq keçirilən bu tədbirlərin məqsədi ictimai fikri formalaşdırmaq və rusiyalı turistlərin səfər edəcəyi istiqamətləri müəyyənləşdirməkdir.

Səfir Polad Bülbüloğlu bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlıq ildən-ilə inkişaf edir. 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ilielan edilməsindən bəhs edən səfir dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından, qış turizminə qoyulan dövlət investisiyasından da söhbət açıb. Səfir bu ilin Azərbaycanda “Multikulturalizm ilielan olunduğunu, ölkəmizin müxtəlif xalqların bir yerdə yaşamasının ən gözəl nümunəsi olduğunu vurğulayıb. Çıxışının sonunda səfir rusiyalı turistləri ölkəmizə dəvət edib.

Tədbirdə çıxış edən nazirliyin şöbə müdiri Vüqar Şixəmmədov Azərbaycanda turizmin son illərdə yüksəliş dinamikası haqqında geniş məlumat veribson 5 ildə qış turizminin yeni turizm məhsulu kimi yaradılması və inkişaf etdirildiyini qeyd edib. “ŞahdağTurizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm Kompleksinin yaradılmasının da ölkədə qış turizminin inkişafını göstərdiyini xüsusi vurğulanıb.

Turizmin inkişafını göstərən statistik rəqəmləri diqqətə çatdıran şöbə müdiri bildirib ki, Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu təşkil edir.

V.Şixəmmədov “Azərbaycan breakfastmilli səhər yeməyi brendi haqqında moderatorun sualına ətraflı cavab verərək qeyd edib ki, bu brend Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir və layihənin yaradılmasında məqsəd ölkəmizə gələn turistlərə Azərbaycan mətbəxinin özəlliklərini göstərməkdir. Gələcəkdə dünyada mövcud olan səhər yeməyi brendləri sırasına "Azərbaycan breakfast" adlı brendin də qoşulması prioritet istiqamətlərdəndir.

Sonra Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov çıxışında qurumun fəaliyyəti və Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzvlüyü haqqında məlumat verib, Rusiyanın müvafiq qurumları ilə fevralın 24-də imzalanan memorandumların əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, ölkəmiz yalnız Rusiya deyil, digər MDB ölkələrindən də turistlərin cəlb olunmasında maraqlıdır.

Tədbirdə həmçinin “Tur A Vent” şirkətinin layihə rəhbəri İqor Şaluhov, “ŞahdağTurizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm Kompleksinin nümayəndələri təqdimatlarla çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 9.