Qarabağ savaşını lentlərdə yaşadan rejissor

 

Şəhid dostlar haqqında film çəkmək çox ağırdır

 

Xocalı soyqırımından ötən 24 ildə bu faciəni əks etdirən müxtəlif dillərdə kitablar, ekran səhnə əsərləri, təsviri sənət nümunələri ərsəyə gətirilmişdir. Bu əsərlərin yaradılmasında Xocalı faciəsinin şahidləri ilə yanaşı, həmin tarixi kinolentlərə köçürən kino xadimlərinin əməyi danılmazdır. Onlardan biri kinorejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasdır.

 

1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsini bitirən Nizami Abbas 1974-1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator vəzifəsində çalışıb. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə qatılıb. 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin Sənədli filmlər kino-telestudiyasının bədii rəhbəri olub.

Nizami Abbas Milli Qəhrəmanlara həsr olunmuş İlk komandir (Elman Hüseynov haqqında) Pəhləvan komandir (Əliyar Əliyev barədə) sənədli filmlərinin ssenari müəllifi rejissorudur. Ekran əsərləri fevralın 26-da Nizami Kino Mərkəzində nümayiş olunacaq. Döyüş yolu keçmiş kino xadimi ilə söhbətimiz xatirələr üzərində kökləndi.

 

Çətin günlərin dostluğu

 

- Mədəniyyət Turizm Nazirliyinin Milli Qəhrəmanlara həsr olunan sənədli filmlər layihəsi çox təqdirəlayiq addımdır. Çünki xalq öz qəhrəmanlarını tanımalıdır bu işdə sənədli filmlərin müstəsna rolu var. Layihə çərçivəsində çəkdiyim filmlər çətin günlərdə qazandığım dostlar haqqındadır. Onlar fədakar, vətənpərvər oğullar idi. O dövrdə məğrur oğullarımız hesabına ordumuz yaranırdı döyüşlər gedirdi. Mən Qarabağ döyüşləri zamanı, demək olar ki, bütün bölgələrdə olmuşam. Ən çox getdiyim ərazi isə Ağdərə istiqaməti, Tərtər Kəlbəcər rayonları olub.

Qəhrəmanım Elman Hüseynov 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq, Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, həmin ilin sentyabrında özünümüdafiə qərargahının rəisi, noyabrda Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdu. Belə bir qəhrəmanla dost olmaq hər insana nəsib olmur. Müdafiə Nazirliyinin Sənədli filmlər kino-telestudiyasının bədii rəhbəri kimi onun haqqında məlumatım var idi. Elmanla Şişqaya əməliyyatında tanış oldum. Biz düşmənin 35-ə yaxın canlı qüvvəsini, zirehli texnikasını xeyli sayda silah-sursatını məhv etdik. Həmin döyüş lentə alınıb. Elman əməliyyat vaxtı əsl komandir simasını göstərirdi. Əməliyyatdan sonra əsgərlərinin dərdinə şərik olurdu. Təkcə bu batalyon 300-dən artıq şəhid verib. Batalyon 11 yaşayış məntəqəsini azad etdi bu gün o ərazidə Azərbaycan bayrağı dalğalanır. Elman Hüseynova həsr etdiyim İlk komandir filmində bütün bunlar əks olunub. Döyüşlər zamanı rastlaşdığım bir tarixi faktı da deyim ki, ermənilərin Qarabağa köçürülməsi tarixini əks etdirən Marağa - 150 abidəsinin dağıntıları da sənədli filmdə əksini tapıb.

 

Pəhləvan komandir

 

Rejissorun lentə aldığı ikinci film Pəhləvan komandir adlanır. Milli Qəhrəman Əliyar Əliyevə həsr edilən sənədli film həm döyüş yolu keçmiş dostlar kimi rejissor üçün çox əziz kövrək xatirələrlə doludur. Söhbətimiz zamanı yenə ötən illərə qayıdan Nizami müəllim əməliyyatları xatırlayır. Bəzən kövrəlir, nitqinə ara verir, sonra davam edir:

- Əliyarla tanışlığım Laçın istiqamətindəki döyüşlərdə oldu. Qubadlının mərkəzində Zaqafqaziya Hərbi Birləşmələrinin qərargahı var idi. Biz sovet ordusundan texnikanı almaq üçün danışıqlara gedirdik. Əliyarla da ilk dəfə orada tanış olmuşdum. Əliyar Qubadlıda idman ustası kimi tanınırdı. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq beynəlxalq yarışların qalibi olmuşdu. Qubadlının özünümüdafiə batalyonu ona etibar edilmişdi xalq ona inanırdı. Əliyar döyüş əməliyyatlarının əksəriyyətini düşmən ərazisində aparırdı. Kəşfiyyatı yaxşı bilirdi. Onun şəhid olması hamımıza ağır oldu. Bizim arzumuz Laçın dəhlizində görüşmək idi. Mən döyüşləri lentə alan bütün insanların əməyini dəyərləndirmək istəyirəm. Çünki bu gün çox zaman sənədli filmlərdə həmin kadrlardan istifadə edilir. O dövrdə bizim studiyanın əməkdaşı Babək Quliyev Əliyarla bir əməliyyatı lentə almışdı. Qeyd edim ki, hər iki filmdə Müdafiə Nazirliyinin Sənədli filmlər kino-telestudiyasının arxivindən istifadə etmişəm. Bu arxiv hər zaman rejissorların üzünə açıqdır. Burada çalışan insanlar əsl fədakarlar idi. Bu materiallar bizim tariximizdir.

Həmsöhbətim dostları haqqında film çəkməyin çox ağır olduğunu bildirir: Onların itkisi olanları yenidən yaşamaq ağır idi. Bir onların sayəsində alınan torpaqların çoxunu biz yenidən itirdik. Bunu qəbul etmək çox çətindir.

Nizami müəllim deyir, Qarabağ torpağının hər qarışına şəhid qanı tökülüb. Ona görə bu torpağın hər qarışı müqəddəsdir: Ağdama getsəm, ilk növbədə Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət edərəm. Xocalı soyqırımında onun xalqa arxa-dayaq olması hamıya məlumdur. O, 1000-dən çox Xocalı əsirini ermənilərin əlindən xilas edib. Həmin prosesdə mən iştirak etmişəm. Xocalı faciəsindən iki gün sonra mən Ağdama getdim, insan əlindən tərpənmək olmurdu. Hər kəs öz əzizini axtarırdı. Seyidağa Mövsümov meyitlərin çıxarılmasında iştirak edərək olanları lentə almışdı. İnsanlar Ağdama, Allahverdi Bağırova pənah gətirmişdi. Sonda onu demək istərdim ki, biz bu acı tarixi unutmamalıyıq. Zaman-zaman yaşadığımız faciələri yenidən yaşamamaq üçün tariximizi yaxşı bilməli, gənc nəslə çatdırmalıyıq. Milli Qəhrəmanlar haqqında filmlər tariximizin bir parçasıdır.

 

L.Azəri

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 6.